Hamını düşündürən “zəlzələ bildirişi” sualına RƏSMİ CAVAB

Ötən gün Azərbaycanda baş verən zəlzələ zamanı bir çox insanların mobil telefonuna Quql tərəfindən zəlzələ ilə bağlı bildiriş mesajı gəlib. Lakin həmin an Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytı işləməyib. Bu hal sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İnsanları düşündürən bir sual var: niyə məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi deyil, Quql göndərir?

Mövzu ilə bağlı Globalinfo.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə əlaqə saxlayıb.

O bildirib ki, saytın işləməməsi onlardan asılı deyil:

“Dünən gecə eyni anda çox adam daxil olduğu üçün sayt donub. Quqla gəldikdə isə bilmirəm, onlar xəbəri niyə daha tez ötürür. Biz də rəsmi məlumat yaydıq, çağırış etdik ki, qeyri-rəsmi xəbərlərə inanmasınlar.

10 il əvvəl mobil resurs hazırlamışdıq, lakin sonradan bəzi səbəblərdən alınmadı. Tez bir zamanda sms tətbiqini bərpa edəcəyik. Sadəcə, çoxu dezinformasiya yaydı, insanlar arasında təlaşı artırdı. Amma mən əminliklə hər kəsə evlərinə qayıdıb rahat şəkildə yatmağı məsləhət gördüm. Güclü zəlzələ, dağıntı oldu?! Əlbəttə ki, yox! Ciddi narahatlığa əsas yox idi”.

Q.Yetirmişli deyib ki, maarifləndirici veriliş açmağı düşünür:

“Telekanallardan birinə müraciət edəcəyəm: heç olmasa, bizim üçün həftədə bir dəfə yarım saat yer ayırsınlar ki, insanları maarifləndirək, zəlzələ baş verən zaman nə edəcəkləri haqda təlimatlar verək”.

Zaira Akifqızı
Globalinfo.az