11 ildə 4 nazir dəyişdi, təhsil yaxşıya doğru dəyişmədi – SƏBƏB?

Son zamanlar təhsil müəssisələrində baş verən aqressiv hallar ictimaiyyətdə narazılıqlara səbəb olub. 12 il ərzində 4 dəfə təhsil naziri dəyişsə də, təhsilimiz yaxşıya doğru dəyişmək bilmir.

Təhsildə ortaya çıxan biabırçı gerçəkliklərlə bağlı kim məsuliyyəti kim daşıyır?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Ceyhun Məmmədov deyib ki, bütün istiqamətlərdə məsuliyyəti hər kəs daşıyır.

Onun sözlərinə görə, bu məsələlərdə fərqli səbəblər var:

“Hər bir şəxsin formalaşmasında iki mühüm institut rol oynayır – ailə və məktəb. Ailələrin üzərinə böyük məsuliyyət düşür. Amma son vaxtlar gördüyümüz odur ki, bir sıra hallarda ailə institutu bu vəzifənin öhdəsindən gələ bilmir. Belə olduğu halda isə məsuliyyət daha çox dövlətin üzərinə düşmüş olur. Sabah pis, tərbiyəsi yerində olmayan vətəndaş dövlət üçün müəyyən çətinliklər və problemlər yaradacaq. Ona görə də bu kimi məsələlərdə təhsil sistemimiz diqqətli olmalıdır. Poblem nədir? Fikrimcə, idarəçiliklə bağlı məsələlərin də rolu var. Yəni təhsil idarəçiliyində zaman-zaman müəyyən problemlər yaranır. Bu gün biz nə qədər çalışsaq da, bir sıra hallarda məktəb direktorlarının düzgün seçilməməsi, bəzən rəhbər heyətin işlə təmin olunmasında obyektivliyin qorunmaması, əsas prinsipin savad və bilik olmaması və s. bu prosesə öz təsirini göstərir”.

Deputat deyib ki, daha peşəkar təhsil işçilərindən istifadə edərək onların təcrübəsindən gənc nəslə ötürə bilmək üçün addımlar atmalıyıq:

“Görünən odur ki, məsələ heç kimi maraqlandırmır. Ona görə də problem özünü bu şəkildə göstərir və nəticədə təhsil ocaqlarımızda peşəkarların sayı getdikcə azalır. Bundan başqa, təhsil ənənələri yeni nəslə öyrədilmir. Halbuki təhsil spesifik sahədir. Onunla bağlı geniş biliyə, təcrübəyə malik olmalısan. Bu sahədə təcrübəsi olmayan adamın təhsili idarə etməsi çox çətindir. Çünki təhsil bir prosesdir və onu yaxşı idarə edə bilmək üçün mütləq məlumatlı olmalıyıq. Hesab edirəm, sadaladığım amillər mütləq nəzərə alınmalıdır. Üstünlük daha çox peşəkar təhsil işçilərinə verilməli, onlara şərait yaradılmalıdır. Eyni zamanda daha çox peşəkar təhsil işçiləri ilə əməkdaşlıq olunmalı, onlarla iş birliyi qurulmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az