Zəngəzur dəhlizində geopolitik “toqquşma”: Bakı ilə İrəvanın razılaşmasının pərdəarxası məqamları

Zəngəzur dəhlizində geopolitik "toqquşma": Bakı ilə İrəvanın razılaşmasının pərdəarxası məqamları

İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

Zəngəzur dəhlizi gündəm çıxdı? Sonrakı mərhələ necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclis deputatı Arzu Nağıyev deyib ki, Zəngəzur dəhlizinin gündəmdən çıxması ilə bağlı fikir yoxdur:

“Zəngəzur dəhlizinin açılması sülh müqaviləsindən əvvəl, ya da sonra açılıb-açılmayacağı ətrafında müzakirələr aparılır. Sözügedən dəhlizlə bağlı məsələni delimitasiya-demarkasiya üzrə komissiya həll edə bilər.

Zəngəzur dəhlizində geopolitik "toqquşma": Bakı ilə İrəvanın razılaşmasının pərdəarxası məqamları

Arzu Nağıyev

Zəngəzur dəhlizinin açılmasında Ermənistan da maraqlıdır. Sadəcə İran məsələni qabartmaqla dəhlizin fəaliyyətə başlamasından narahatdır. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun səfərindən də məlum oldu ki, rəsmi Moskvanı maraqlandıran məsələlərdən biri Zəngəzur dəhlizinin açılması, paralel olaraq NATO və digər Qərb ölkələrinin Ermənistan ərazisində çoxsaylı silah-sursat gətirməsi və hərbi baza yaratmasıdır ki, əslində Tehran bundan narahat olmalıdır. İran öz ərazisindən keçən logistik daşımalara operatorluq etmək istəyir. Bu da bir sıra Qərb ölkələrinin maraqlarına uyğun deyil. Ən optimal variant Zəngəzur dəhlizidir.

Bu gün sülh müqaviləsinin imzalanması həm də Ermənistan üçün lazımdır. İrəvan özünü embarqodan çıxartmaq, iqtisadiyyatını gücləndirmək naminə kommunikasiyaların açılmasında maraqlı olmalıdır. Azərbaycan isə sülh müqaviləsinin imzalanması üçün konstitusiya dəyişikliyini əsas götürür. İrəvan Azərbaycan və Türkiyəyə ərazi iddiasından əl çəkməlidir”.

Politoloq Zaur Məmmədov isə məsələyə belə münasibət bildirib:

“Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə nəqliyyat xətləri ilə bağlı məsələləri sülh müqaviləsinin mətnindən çıxarıblar. Tərəflər arasında ən mübahisəli məqamlardan ikincisi məhz Zəngəzur dəhlizi ilə bağlı idi. Məsələni qəlizləşdirən amillərdən biri bu yolla bağlı regional və beynəlxalq aktorların bir-birinə zidd yanaşmaları idi.

Zəngəzur dəhlizində geopolitik "toqquşma": Bakı ilə İrəvanın razılaşmasının pərdəarxası məqamları

Zaur Məmmədov

Qərb Zəngəzur və açılması nəzərdə tutulan digər yollarda nəzarətin beynəlxalq şirkətin öhdəliyinə verilməsini təklif edib. Bir neçə ay əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu təklifi tərəflərə təqdim edib. ABŞ-da baş tutan XİN rəhbərləri arasında görüşdə də bu məsələ müzakirə edilib. Rusiya üçtərəfli bəyanatda göstərildiyi kimi özü tərəfindən yola nəzarət edilməsini istəyir. S.Şoyqunun Bakıda kommunikasiya xəttlərinə Qərbi buraxmaq olmaz kimi ismarıcları Moskvanın narahatllığından xəbər verir. Öz növbəsində, İran heç bir halda Zəngəzur dəhlizinin açılmasının tərəfdarı deyil və son açıqlamalar, xəbərdarlıqlar da beynəlxalq şirkətlə bağlı təklifə cavab olaraq verilib.

Beləcə, hazırda beynəlxalq şəraitin onsuz da gərgin olmasını nəzərə alsaq sülh müqaviləsi ilə bağlı danışıqlarda müzakirə edilən mövzular arasından nəqliyyat mövzusunun çıxarılması tam başa düşüləndir.

Azərbaycanın Qərbə və Şərqə çıxışı var, ölkəmiz uğurlu şəkildə kommunikasiya – nəqliyyat qovşağı kimi qlobal layihələri davamlı şəkildə həyata keçirir. Ermənistanın isə, hələ də Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olaraq qalır.

Hazırda Bakı və İrəvan arasında danışıqlarda ən böyük maneə olaraq Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qalır. Nikol Paşinyan bu yükü cəmiyyətə ötürməli və erməni xalqı gələcəyi ilə bağlı qərarını verməlidir”.

Safura Bənnayeva
Globalinfo.az