Zəngəzur dəhlizi ilə bağlı ortaq razılaşma: ABŞ danışır, Rusiya və Çin susur… – VİDEO

Son günlər Zəngəzur dəhlizi ətrafında olduqca maraqlı proseslər gedir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünikə (Zəngəzura.) 3 günlük səfəri, orada verdiyi bəyanatlar da diqqətlə izlənir. N.Paşinyan Zəngəzura getmədən öncə bir fikir söyləmişdi. Demişdi, sülh müqaviləsi imzalanmadan kommunikasiyalar (oxu, Zəngəzur dəhlizi) açıla bilər.

Artıq iki ölkə arasında sülh sazişinin imzalanması və yolların açılması istiqamətində ABŞ-dan da təkliflər gəlir.

ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen Ermənistana səfəri zamanı demişdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə razılığa gəlməyin vaxtıdır. Obrayen tərəflərə tövsiyə etmişdi ki, kommunikasiyaları açmaq lazımdır. ABŞ rəsmisi hazırda bunun üçün ideal şərait yarandığını söyləmişdi.

Hazırda görünən budur ki, qlobal güclər arasında Zəngəzur dəhlizi ilə bağlı bir ilkin razılaşma var. Əsasən də ABŞ-Çin-Rusiya arasında bir anlaşmanın olduğu sezilir. Yoxsa Ceyms Obrayenin bəyanatına Rusiyadan kəskin cavab gələrdi. Çin də prosesləri sakit şəkildə izləyir. Hər şey onun istədiyi və arzuladığı kimi gedirsə, niyə danışsın?

Bir başqa məqam da budur ki, Rusiya, Azərbaycan və İranın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər.

Göründüyü kimi, Şərq-Qərb, Cənub-Şimal dəhlizləri qüdrətli dövlətlərin ortaq maraqlarına uyğun hala gəlib.

Siyasi şərhçi Azər Ayxan bu mövzuda ARB 24 kanalının “Gündəm” verilişində danışıb. O, deyib ki, Rusiya ilə ABŞ Qarabağ məsələsində olduğu kimi, Zəngəzur dəhlizi məsələsində də anlaşacaqlar. Artıq o razılaşmanın əlamətləri görünür.

Verilişdən həmin parçanı təqdim edirik: