Zaur Mikayılovun qudasına yüksək vəzifə verməsi qanunla qadağandırmı? – Hüquqşünas açıqladı

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun öz qudası Fuad Quliyevi quruma aparat rəhbəri vəzifəsinə təyin etməsi müzakirələrə səbəb olub. İnsanlar qohumların eyni təşkilatda çalışmasının qanun pozuntusu olduğunu qeyd edirlər.

Bəs yaxın qohumların eyni təşkilatda yüksək vəzifədə çalışmaları qanunla qadağandırmı?

Mövzunu Globalinfo.az-a şərh edən vəkil Mehman Muradlı deyib ki, “Korrupsiya ilə Mübarizə Haqqında” Qanunda hansı qohumların birgə işləməsi qadağandır, siyahıda qeyd edilib.

Vəkilin sözlərinə görə, həmin siyahıda yaxın qohumların birlikdə işləməsi qadağan olunur:

“Yaxın qohum dedikdə isə ata, ana, bacı, qardaş və digərləri nəzərdə tutulur. Əslində, quda yaxın qohum hesab edilmir. Faktiki olaraq burada pozuntu yoxdur, amma işin mənəvi tərəfini nəzərə aldıqda, qudanı vəzifəyə təyin etmək doğru deyil. Əvvəl dostlar münasibəti idi, indi də keçiblər tayfa, qohum məsələsinə. İşi evə gətirmək olmaz”.

Xatırladaq ki, indiyə kimi bir sıra nazirlərliklərdə, komitələrdə yaxın qohumların yüksək vəzifələrə təyin edilməsi hallarına rast gəlinib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Zaira Akifqızı
Globalinfo.az