“Yüksək çinli məmurlar çalışacaqlar ki, Milli Məclisə düşməyək” – Qüdrət Həsənquliyevdən SENSASİYA

 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev mediaya son açıqlamasında maraqlı məqamlara toxunub. O, Milli Məclisə gözlənilən seçkilərdən danışıb.

Globalinfo.az xəbər verir ki, deputat bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra ilk olduğunu xatırladıb:

“Ona görə çox əlamətdardır. Seçkilərdə heç bir müxalifət partiyasının qalib gəlmək şansı yoxdur. Çalışacağıq ki, parlamentdə yerlərimizin sayını artıraq. Parlamentdə müxalifət fraksiyasının yaranması üçün başqa partiyalarla danışıqlar aparacağıq. Ümid edirəm, xalqımız partiyamızın və deputat kimi mənim fəaliyyətimi qiymətləndirəcək və yenidən etimad göstərəcək”.

Q.Həsənquliyev bəzi narahatlığını ifadə edib:

“Amma onun da fərqindəyəm ki, yüksək çinli və təkəbbürlü məmurlar seçkilərin gedişinə və nəticələrinə təsir göstərməyə çalışacaqlar ki, biz Milli Məclisə düşməyək. Çünki həm xaricdə, həm daxildə bizim fəaliyyətimizdən narazı güclü dairələr var. Biz şəxsi maraqlarımıza uyğun olmasa da milli mənafelər naminə ölkənin inkişafını ləngidən “tabu” sayılacaq problemlərdən, onların həlli yollarından danışmışıq. İstəmişik ki, vətəndaşlarımız siyasi baxımdan yetkin olsunlar. Bilirik ki, daxildə bəzi məmurlar tənqiddən nəticə çıxarıb işlərini daha yaxşı qurmaq əvəzinə, ondan narahatdırlar ki, Prezident onların peşəkarlığına və dürüstlüyünə şübhə ilə yanaşa bilər”.

Deputat bildirib ki, Milli Məclisdə konstruktiv müxalifətin, ciddi məsələlərlə bağlı alternativ ideyaların və tənqidi fikrin olmaması çox üzücü olardı.

“Bizdən daha çox iqtidarın və dövlətimizin böyük uğursuzluğu sayılardı” – Həsənquliyev bildirib.

Globalinfo.az xatırladır ki, Qüdrət Həsənquliyev 2003-ci ildən deputat kimi fəaliyyət göstərir. Həmin il Milli Məclisə təkrar seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsindən deputat olub. Hazırda parlamentdə müxalifəti təmsil edir. O, 21 illik deputatlıq fəaliyyətində Milli Məclisdə, mediada əksər məsələlərlə bağlı tənqidi, güzəştsiz mövqe bildirib. Buna baxmayaraq Q.Həsənquliyevin hakimiyyətlə normal münasibətinin olması sirr deyil. Təcrübəli siyasətçi və məlumatlı deputat olan Qüdrət Həsənquliyevin bu bəyanatı ciddi mətləblərdən xəbər verməklə yanaşı, sensasiya sayıla biləcək kateqoriyadandır.

Seçkilərlə bağlı Prezidentin fərman imzalayacağı ərəfədə Q.Həsənquliyevin bəyanatı çox diqqət çəkir. Hətta onun sözlərindən bu qənaətə də gəlmək olar ki, deputat bəzi məlumatlara malikdir. Yoxsa niyə desin ki, onun növbəti dəfə parlamentdə təmsil olunmasına mane olmaq istəyən məmurlar var? Q.Həsənquliyevin “yüksək çinli və təkəbbürlü məmurlar seçkilərin gedişinə və nəticələrinə təsir göstərməyə çalışacaqlar” ifadəsi də bəribaşdan hücum taktikasına bənzəyir. Mümkündür ki, ona qarşı olan mövqeləri zərərsişləşdirmək, zəiflətmək, veriləcək qərara təsir göstərmək üçün “ən yaxşı müdafiə hücumdur” taktikasına üstünlük versin. 

Q.Həsənquliyevin bu bəyanatından iki nəticə çıxır. Birincisi, seçki kampaniyası qaynar keçəcək. Xeyli iddialı şəxsin prosesdən kənar qalması mümkündür. İkincisi, parlamentin hazırkı tərkibində gözlənilməz dəyişikliklər ola bilər. Bunun ilkin siqnalı artıq verilib…

Zaira Akifqızı
Globalinfo.az