“Vətən uğrunda Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyanın əvvəlki kimi aktiv olmaması diqqət çəkir. O, bir müddət öncə sentyabrın 4-də Ermənistanda böyük mitinq olacağını elan etmişd. Lakin gözlənilən genişmiqyaslı aksiya baş tutmadı.
Qalstanyan indi də sentyabrın 21-də,yəni Ermənistanın Müstəqillik Günündə müxalifətin iştirakı ilə böyük tədbir keçiriləcəyini açıqlayıb. Hətta keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanla görüşüb və tədbirə hazırlığın davam etdiyini deyib.
Digər tərəfdən isə Ermənistanın Baş naziri Nikol Paşinyanın katalikos II Qareginin vəzifədən kənarlaşdırılması üçün hazırlığa başladığı bildirilir. Baş nazirin katalikosun istefası verməsi üçün aksiya planladığı, bunu Baqratın qarşısını almaq üçün etdiyi deyilir.
Hökumətə qarşı aksiyalara rəhbərlik edən keşiş Baqratın sonu necə olacaq? O, hazırkı İrəvan hökuməti üçün nə dərəcədə təhlükəlidir?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Baqrat Qalstanyan elə də ciddi fiqur hesab olunmur:
“Onu ələ almaq, idarə etmək çətin deyil. Ermənistanda və keçmiş qondarma rejimdə belə fiqurlar indiyə kimi bir neçə dəfə olub. Məsələn, Araik Arutunyan, Ruben Vardanyan məhz bu qəbildən idi.

Kənan Novruzov
Düşünürəm ki, keşiş Baqratın onlardan fərqi yoxdur. Belə personajları ya Rusiya Ermənistan hakimiyyətinə təzyiq vasitəsi kimi ortaya atır, ya da İrəvan hökuməti özü meydana çıxarır. Bütün hallarda Baqrat sadəcə alətdir. Bu mənada onun vəd etdiyi mitinqin təxirə salınması o qədər də təəccüblü olmamalıdır”.
“Mümkündür ki, Baqratın “ev tapşırığı” dəyişdirilib, ya da o, hansısa formada neytrallaşdırılıb. Hər halda etiraf etmək lazımdır ki, Baş nazir Nikol Paşinyan hakimiyyətinə təzyiq elə də asan deyil. O, bir neçə sınaqdan uğurla çıxıb. Bunun əsas səbəbi isə beynəlxalq güclərin Ermənistanın hazırkı hakimiyyəti ilə bağlı maraqlarıdır”, – K.Novruzov bildirib.
Turan Rzayev
Globalinfo.az














