***11.01.2025 17:08
Ukrayna Prezidenti Volodimir Zelenski Kursk istiqamətindəki hərbi əməliyyatlara 60 minlik şəxsi heyət göndərildiyini açıqlayıb. Zelenski bu bölgədə yeni əməliyyatların keçiriləcəyini bildirib.
Paralel olaraq isə Rusiya Silahlı Qüvvələrinin ərazidə əks-hücum həyata keçirdiyi və yaşayış məntəqələrinə nəzarəti sürətlə bərpa etdiyinə dair məlumatlar yayılır. Bəzi hərbi ekspertlərin fikrincə, Ukraynanın hazırkı vəziyyəti çətindir, xarici ölkələrdən silah və sursat göndərilsə də, orduda ciddi şəkildə canlı qüvvə çatışmazlığı var. Lakin Kiyevin hər şeyə rəğmən müsbət irəliləyişlər əldə etdiyi də qeyd olunur.
Ukrayna Kurskda yeni əməliyyatlar keçirməklə nəyə nail olmağa çalışır?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, müharibənin Ukraynanın xeyrinə dəyişdiyi kimi fikirlər səsləndirmək hələ tezdir:
“Hər iki tərəfin işi çətin olsa da, təşəbbüs Rusiyanın əlindədir. Ukraynanın Kursk istiqamətində yenidən əməliyyatlara başlaması məqsədyönlüdür. Prezident Volodimir Zelenski başa düşür ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp andiçməsindən sonra Kiyevə dəstəyi azalda və beləliklə müharibənin bitməsi üçün danışıqların başlanmasına nail ola bilər. Ona görə də masaya əli güclü getmək istəyir.

Kənan Novruzov
Kurs istiqamətinə diqqətin artırılması gələcəkdə ərazi mübadiləsi üçün Ukraynaya lazımdır. Bəlkə də, bunu Ukraynaya müharibəni bitirmək istəyən Tramp özü məsləhət görüb.
Əgər Ukrayna Kurskda möhkəmlənə bilərsə, ərazi mübadiləsi məsələsi mümkün danışıqların əsas predmeti olacaq. Beləliklə, savaşın 2022-ci fevralın 24-nə qədərki sərhədlərin bərpa olunması ilə başa çatması mümkündür”.
Rövşən Rza
Globalinfo.az