NATO-nun yeni baş katibi çətin problem gözləyir

“Avropada praqmatik siyasətçi kimi tanınan Rutter həm liberal, həm də sağcı mövqelərdə zaman-zaman mövqe nümayiş etdirib. Mark Rutterin seçilmə vaxtı onunu üzərinə daha çox məsuliyyət düşdüyünü göstərir”.

Bu sözləri Globalinfo.az -a Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Niderlandın Baş naziri Mark Rutterin NATO-nun Baş katibi seçilməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Rutter 14 il ərzində Niderlandın baş naziri vəzifəsində çalışıb:

“O, Vladimir Putinin sərt tənqidçisidir. Mark Rutter oktyabr ayında vəzifəsini icra edəcək.
Tramp hakimiyyətə gələrsə Ukraynaya maliyyə və hərbi yardımı kəsəcəyi haqqında bəyanat vermişdi. Düşünürəm ki, Mark Rutter kritik seçimlərlə üz-üzə qalacaq. Təkcə ABŞ məsələsi deyil, Rutterin Avropa daxilində hökm sürən anlaşmazlıqları həll etməlidir.

Birincisi, qış aylarında Rusiyanın Ukraynaya hücumu artır. Bu əsasən elektrik stansiyalarının vurulmasında özünü göstərir. Avropanın hava hücumundan müdafiə sistemi Ukraynanın tələbatını tam olaraq qarşılamır. Ona görə Rutter ABŞ-a müraciət etməli olacaq.

İkincisi, Avropa daxilində bəzi ölkələr NATO-ya çox pul köçürmək istəmir. Bununla mübarizə aparmaq Rutterin üzərinə düşəcək. Cənubi Avropa dövlətləri bu kateqoriyaya aiddir.

Üçüncüsü, Macarıstan hökumətinin Rusiya ilə yaxşı əlaqələri NATO-da müəyyən problemlərə yol açır”.


Rüstəm Tağızadə

Ekspert deyib ki, Rutte “Breksit” danışıqları zamanı fəal rol oynadı və ölkəsini daha çox Aİ qərarlarının mərkəzinə yönəltdi:

“Məsələn, o, Avropa dəyərlərinin qorunması, korrupsiya ilə mübarizə və Avropada qanunun aliliyinin qorunması ilə bağlı daha çox səsləndi. Brüsseldə keçirilən Avropa sammitində, insayderlərin dediyinə görə, o, Macarıstanın Baş naziri Viktor Orbanı təkcə mətbuat otağında deyil, həm də bağlı qapılar arxasında sərt şəkildə tənqid edib.

Türkiyə NATO üçün önəmli bir ölkədir. Güclü quru qoşunları olan Türkiyə müdafiə sənayesində də son illər ərzində çox inkişaf etmişdir. Düşünürəm ki, Avropa öz təhlükəsizliyi üçün yaxın gələcəkdə Rusiya faktoru ilə daha çox üz-üzə gələcəkdir. Avropa daxilində narazılıqlar və problemlər artarsa bu, NATO üçün də yaxşı nəticələr verməz. Buna baxmayaraq ABŞ böyük güc olaraq NATO-nun yanındadır. Bu faktor NATO-nun təhlükəsizliyinin qarantıdır. Türkiyə isə yenə də NATO-da önəmli ölkə olaraq qalacaq”.

Turan Rzayev
Globalinfo.az