qardas

Rusiyanın Yekaterinburq şəhərində Səfərov qardaşlarını qətlə yetirməsi Azərbaycanda ciddi ictimai narazılığa səbəb olub. Artıq hadisədə iştirak edən polis əməkdaşlarının adları və fotoları media orqanlarında yayılıb. Hazırda rəsmi Bakının cinayətlə bağlı hansı beynəlxalq hüquqi addım atacağı, təqsirli şəxslərin necə cəzalandırılacağı əsas müzakirə mövzularından biridir.

Azərbaycan həmin şəxsləri beynəlxalq məhkəməyə verəcəkmi? O polisləri hansı cəzalar gözləyir?

Globalinfo.az-a danışan beynəlxalq məsələlər üzrə hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, Yekaterinburqda baş verənlər sıradan hadisə deyil:

“Bu, şəxsiyyət əleyhinə cinayət kimi nəzərdən keçirilə bilər, amma əslində belə deyil. Cinayətin baş verməsinə səbəb olan amillər araşdırılmalıdır. Nəzərə alanda ki, öldürülən şəxslər Rusiya vətəndaşlarıdır və bunu həmin ölkənin polisləri edib, o zaman sıradan sayılmamalıdır. Belə vəziyyətdə bunun məqsədli şəkildə həyata keçirilmiş bir hərəkət kimi qiymətləndirilməsi mümkündür. İstintaq müəyyənləşdirə bilər ki, doğrudan da kimsə öz vəzifə səlahiyyətindən sui-istifadə edərək bunu törədib, yoxsa planlı şəkildə həyata keçirilib. Əgər planlaşdırılmış olduğu ortaya çıxarsa, o zaman beynəlxalq cinayət tərkibi məsələsi gündəmə gəlir. Məhz onların azərbaycanlı olduqlarına görə qətlə yetirilməsi isə beynəlxalq sülh və təhlükəsizlik üçün böyük təhdid sayılır. Bu, həmçinin insanlıq əleyhinə cinayət kimi qəbul olunur”.

elovset

Əlövsət Allahverdiyev

Hüquqşünas bildirib ki, baş verənlər beynəlxalq cinayətin olması ehtimalını yaradır:

“Qeyd edilənlər təsdiqlənərsə, Azərbaycan, nəinki, onları beynəlxalq məhkəməyə verməli, Rusiya da həmin polisləri mühakimə etməlidir. Moskva etməsə belə, universal yurisdiksiya prinsipindən istifadə edərək digər dövlətlər şəkilləri yayılmış polislərin mühakimə olunmasını, məsuliyyətə cəlb edilməsini təmin edə bilər”.

Ə. Allahverdiyev bildirib ki, azərbaycanlıları qətlə yetirən şəxslərin məsuliyyət məsələsi qaçılmazdır:

“Öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bu hadisəni törətmələri, bir neçə şəxsin ölümünə səbəb olmaları Yuqoslaviya hadisələrini xatırladır. Yəni serblər tərəfindən Bosniya müsəlmanlarının öldürülməsinə bənzəyir. Burada da etnik mənşə məsələsi var idi. Onlar da cinayət məsuliyyətinə cəlb edilmişdi və baş verənlər beynəlxalq cinayət hesab olunmuşdu”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: