“Ya sən islamı qəbul eylə, mənim dinimə gəl, ya da…” – Şıxlinskaya haqda “fətva”

“Ya sən islamı qəbul eylə, mənim dinimə gəl, ya da...” – Şıxlinskaya haqda "fətva"

Xalq artisti Leyla Şıxlinskayanın islam dinini qəbul etməsi ictimaiyyətdə müzakirələrə səbəb olub. Dinini dəyişmək, sonradan yenidən əvvəlki dinə dönmək hansı şərtlərdə qəbul edilir?

Mövzunu Globalinfo.az-a şərh edən ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, insanlar bu dünyada hür yaradılıb.

O deyib ki, yaradan dünyada bütün insanlara böyük bir azadlıq, hürriyyət verib:

“Lakin son kitabında möhürünü islamla bağlayıb. Qurani-Kərimin ayəsində də vurğulanır ki, Allah dərgahında olan dinin adı islamdır. Ondan qeyri bir inancın qəbul olunmayacağını rəbbimiz açıq şəkildə ayədə imzalayıb. Ona görə də biz müsəlman olaraq belə bir inanca sahibik və bu ali dəyəri qəbul edirik ki, bəli, əslində, islam dini bəşəriyyətin qiyamətə qədər ola biləcək bütün problemlərini çözəcək dərəcədə güclü və gəncdir. Sadəcə, bizlər dinimizi anlaya bilmədiyimizdən dolayı din dəyişməyə üstünlük veririk”.

İlahiyyatçının fikrincə, bir insanın dinini dəyişməsi normal haldır:

“Amma hansı inancdan hansına keçməsi önəmlidir. Təbii ki, buddizmdən, xristianlıqdan, musəvilikdən, ateizmdən, deizm və s. inanclardan islama keçmək çox normaldır. Lakin islam kimi mədəniyyəti tərk edib, Quranı qoyub digər inancları qəbul etmək isə dinimizə görə mürtəd olaraq izah olunur və məqbul sayılmır. Əgər bir insan hansısa digər inancda olduğu halda şəhadət kəlməsi ilə islamı qəbul edirsə, o zaman o, Allahın tək və Peyğəmbərimizin Mühəmməd (ə.s) olduğunu ifadə etməklə müsəlman olur”.

Aktyor olduğu üçün atası onu danışdırmadı, Leyla Şıxlinskaya ilə yaxın münasibətdən imtina etdi – Xalq artisti haqqında bilmədiklərimiz...

Leyla Şıxlinskaya “Gün keçdi” filmində

Xatırladaq ki, Leyla Şıxlinskaya sahibkar qadın kimi də tanınır. O, Bakıdakı məşhur “Leyla Şıxlinskaya” klinikasının sahibidir. Leyla xanım illər öncə sabiq səhiyyə naziri Əli İnsanovla qalmaqal yaşayıb. Ə.İnsanov nazir işlədiyi dövrdə L.Şıxlinskayanı sıxışdırırdı. Onların arasındakı bu qalmaqal uzun müddət davam etmişdi. Əli İnsanov həbs ediləndə Leyla Şıxlinskaya ona “peredaça” aparacağını açıqlamışdı.

L.Şıxlinskaya aktirsa kimi bir neçə filmdə çəkilib. “Arşın mal alan”, “Bağ mövsümü”, “Cazibə qüvvəsi”, “Dantenin yubileyi”, “Dədə Qorqud”, “Gün keçdi”, “Qəm pəncərəsi”, “Qızıl qaz” filmlərində əsas rollardan birini oynayıb. Ona ən böyük məşhurluğu isə “Arşın mal alan” filmindəki Gülçöhrə və “Gün keçdi” filmindəki Əsmər obrazları gətirib.

Qeyd edək ki, Leyla Fərrux qızı Şıxlinskaya 12 iyun 1947-ci ildə Moskvada anadan olub. Atası Fərrux Sadıxov metallurq kimi fəaliyyət göstərib. Daşkəsəndəki mədən müəssisələrinin birində müdir işləyib. Daha sonra nazirlikdə çalışıb. Anası Aza Şıxlinskaya kosmetoloq olub. Leylanın beş yaşı olanda valideynləri ayrılıb. Anası ikinci dəfə kinorejissor Tofiq Tağızadə ilə ailə qurub. Atası da ikinci dəfə evlənib. Bu evlilikdən onun üç övladı doğulub. Gənclik illərində baletlə məşğul olan aktrisa sonradan onurğasından çox ciddi zədə alaraq bu sahədən uzaqlaşır. Kino sahəsinə istiqamətlənən Şıxlinskaya Moskvaya gedərək GITIS-in Teatrşünaslıq fakültəsinə daxil olur. Davamlı balet haqqında məqalələr yazır. Azərbaycan baleti mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edir. O, Azərbaycan baleti haqqında iki kitabın müəllifidir.

Globalinfo.az-a Leyla Şıxlinskayanın yaxın çevrəsindən verilən məlumata görə, onun anası yəhudi əsilli olub. Buna görə də daha əvvəl xanım Şıxlinskayanın anasının dinini, yəni musəviliyi qəbul etdiyi istisna edilmir.

Zaira Akifqızı
Globalinfo.az