İdmançımızın qətlə yetirilməsinə rəsmi reaksiya: “Bunu deyə bilmərik…”

İdmançımızın qətlə yetirilməsinə rəsmi reaksiya: "Bunu deyə bilmərik..."

Almaniyada qətlə yetirilən idmançı ilə bağlı hazırda hər hansı açıqlama verə bilmərik.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Almaniyada qətlə yetirilən MMA döyüşçüsü Vüqar Baxşıyev haqda danışarkən deyib.

O bildirib ki, XİN-ə bununla bağlı heç bir məlumat daxil olmayıb:

“Qətl ölkə xaricində baş verdiyi üçün bu işlə səfirlik məşğul olmalıdır. Ailə istəsə, nəşi Vətənə gətiriləcək. Bəlkə, ailəsi Almaniyada dəfn olunmasını tələb edəcək? Ona görə də dəqiq bir açıqlama verə bilmərik”.

Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə məsələnin araşdırıldığı bildirilib:

“Hazırda xəbəri dəqiqləşdirməyə çalışırıq. Bəzən yanlış informasiyalar yayılır”.

Qeyd edək ki, azərbaycanlı MMA döyüşçüsü Vüqar Baxşıyevə Almaniyada silahlı hücum təşkil olub. Məlumatı “MMA Azerbajan” feysbuk səhifəsi yayıb.

Zaira Akifqızı
Globalinfo.az