Xankəndiyə nəzarət edəcək dövlət qurumu bilindi: “Ordu işini gördü, növbə…” – Deputat şok detallar açdı

Globalinfo.az Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ilə müsahibəni təqdim edir:

– Səməd bəy, Azərbaycan Silahlı Qüvvələri bir neçə gün öncə uğurlu antiterror tədbirləri həyata keçirdi. Cəmi bir gün ərzində separatçılar təslim olduqlarını açıqladılar. Keçirilən antiterror əməliyyatı regional və geosiyasi baxımdan hansı önəmə sahibdir?

– İlk öncə mən sizi qələbə münasibətilə təbrik edirəm. Azərbaycan bayrağı tam şəkildə layiq olduğu Qarabağda ucaldı. Artıq qondarma rejimlər, qeyri-konstitusion “qurumlar”, qanunlarımıza tabe olmayan strukturlar olmayacaq.

Bu qələbə ilə uzun illərdir davam edən torpaqlarımıza qarşı işğal cəhdi, xalqımıza yönəlik təcavüz, dövlətimizin mövcudluğu əleyhinə fəaliyyətlərə son qoyuldu. Bu özlüyündə tarixi bir məsələdir. Təbii ki, bu hadisə həm ölkəmizdə, həm regionda, həm də dünyada böyük bir əks-səda yaratdı. Çünki separatizmə, terrorizmə son qoyuldu.
Əlbəttə ki, kimsə hardasa necəsə müqavimət göstərə, etiraz edə də bilər. Lakin bu və bu kimi nüanslar yekun qələbəmizə heç bir təsir göstərə bilməz.

Tarixi qələbə bir daha həm də onu göstərdi ki, separatizmin, terrorizmin mənbəyi, donorları Qarabağda deyil. Ermənistan dəstək olurdu, lakin Fransa başda olmaqla bir sıra ölkələr də var ki, separatizmi qanuna zidd hərəkətləri müdafiə ediblər, etməkdə də davam edirlər.

BMT Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə keçirilən Qarabağla bağlı iclas da göstərdi ki, rəsmi Parisin bu məsələdə mövqeyi nədən ibarətdir. Lakin bizim dostlarımız, tərəfdaşlarımız da, bizi istəməyən ölkələr də artıq başa düşür ki, Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, iclasda Azərbaycana qarşı heç bir qərar, yaxud qətnamə qəbul edilmədi.

– Lokal antiterror tədbirləri hər nə qədər uğurlu olsa da regionda xoş olmayan hadisələr də baş verir. Misal üçün, sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rusiyalı hərbçilərin olduğu avtomobil atəşə tutulub. Hadisə nəticəsində Rusiya sülhməramlıları həyatını itirib. Sizcə, bu bədbəxt hadisə Rusiya-Azərbaycan münasibətlərinə təsir edəcək?

– Müvafiq strukturlar vaxt itirmədən düzgün, açıq, heç nəyi gizlətmədən dürüst bəyanat verdi. İstintaq hazırda davam edir. İstintaq nəticəsində hadisənin dəqiq harada hansı şərtlərdə baş verdiyi, habelə kimlər tərəfindən törədildiyi müəyyən olunacaq. Bu hadisənin Rusiya-Azərbaycan münasibətlərinə təsir edəcəyini düşünmürəm.

Səməd Seyidov

– Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş baş tutdu. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Görüşlə bağlı belə bir iddia səslənir ki, lokal antiterror əməliyyatı məhz bu görüşün baş tutması üçün gerçəkləşdi. Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur?

– Düşünürəm ki, Yevlax şəhərində baş tutan görüş separatçıların təslim olub, ağ bayraq qaldırmasının əyani sübutudur. Aydın məsələdir ki, onlar öz xoşları ilə Yevlaxa gəlmədi. Yəni bu, məcburiyyətdən doğan bir zərurət idi.

Biz görüşdə iştirak edənləri Azərbaycanın erməni əsilli vətəndaşları kimi qəbul etdik. Yox, bundan sonra onlar bu və ya başqa formada Azərbaycan vətəndaşı olmaqdan imtina edəcəklərsə, rəsmi Bakı hansı addımları atacağını yaxşı bilir. Ona görə hesab edirəm, Yevlaxda baş tutan görüş çox vacib idi.

– Qeyd etdiniz ki, mərkəzi hakimiyyət bundan öncə Qarabağ ermənilərinə humanitar yardım təklif edib. Maraqlıdır ki, Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri də sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Lakin erməni silahlıları hələ də Qarabağdadır və nə təslim olub, nə də silahlarını təklif edib…

– İlk başda bu, prosesi uzadırmış kimi bir təəssürat yaratsa da belə deyil. Məsələ ondadır ki, bu proses kifayət qədər mürəkkəbdir. Lakin bununla belə proses başlayıb. Qarabağ erməniləri ağ bayraq qaldırıb. Mərkəzi hakimiyyət onlara humanitar yardım göndərib.
Bu gün prosesin başqa bir istiqamətə yönəldilməsi mümkün deyil. Azərbaycan ordusu bu gün Qarabağdadır. Lazım gələn bütün tədbirlər alınıb. İndi isə erməni icması ilə dialoq başlayıb. Bütün bunların hamısı vahid plan əsasında həyata keçirilir və keçiriləcək. Azərbaycan bəyan etdiyi hədəflərinə ən qısa zamanda çatacaq.

– Səməd bəy, Yevlax görüşündə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edildi. Növbəti mümkün görüş nə vaxt və harada keçirilə bilər?

– Görüşün nə vaxt keçirilməsi zərurətdən doğacaq məsələdir. Əsas məsələ budur ki, görüş keçiriləcək və Azərbaycanın rəsmi nümayəndələri Qarabağ ermənilərinin təmsilçiləri ilə bir araya gələcək, dialoq davam edəcək. Hesab edirəm, görüşlərin ardı olacaq. Görüş yerinin hara olması isə o qədər də önəmli deyil. Əsas odur ki, görüşlər olacaq.

– İndiki məqamda ən çox səslənən suallardan biri də erməni silahlılarının Qarabağdan çıxarılması fonunda onları kimin əvəzləməsidir: Sizcə, Xankəndiyə Azərbaycan silahlı qüvvələri daxil olacaq, yoxsa sülhməramlılar?

– Hər bir halda biz ordu məsələsindən polisə keçid məsələsinə gəlmişik. Ordu öz işini görüb. Mövcud məsələlər daxili inzibati məsələlərdir. Bunu isə müvafiq qurumlar həll etməlidir. Bu normal bir prosesdir. Əgər biz inteqrasiyadan danışırıqsa bunun hər sahədə baş tutmasını qeyd etməliyik. Onu da deyim ki, bu bir gün ərzində baş tutacaq məsələ deyil.

Nəticə etibarilə bizim qəhrəman şanlı ordumuz üzərinə düşən öhdəliyi yerinə yetirdi. İndi yeni mərhələ başlayır. Yəni dövlətin müvafiq orqanlarının fəaliyyəti baş tutacaq.

Turan Rzayev
Globalinfo.az