Qarabağda vəziyyət gərgindir. Əsəb və informasiya müharibəsi pik həddə çatıb. Separatçı ermənilərin qanunsuz və qudurğan davranışlarına bəzi Avropa ölkələrinin rəsmiləri də dəstək verir. Həmçinin Qərb mediası separatizmin qızışdırılmasında və separatçıların Azərbaycanın üzərinə qısqırdılmasında fəallıq göstərir.
Hazırda Xankəndi ətrafında gedən oyunlarda Fransa əsas roldadır. Parisin meri və digər Fransa rəsmiləri “humanitar yardım” adı altında Azərbaycana qarşı təxribatda birbaşa iştirak edirlər. Ölkəmizə siyasi-diplomatik təzyiq göstərməyə çalışırlar. Erməni lobbisinin təsiri altında həyasızlıqla məşğuldurlar. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Globalinfo.az-a açıqlamasında bunu özünəməxsus formada izah edib.
Sitat: “Biz həmin şəxslərin kim olduğunu və nə məqsədlə əraziyə gəldiyini yaxşı bilirik. Hesab edirəm, narahatlığa əsas yoxdur. Erməni pulları ilə lobbi və diasporanın xahişi ilə gələn fransız merlər selfi çəkib quru bəyanat verməkdən başqa heç nə edə bilməz. Biz belə “rəsmiləri” çox görmüşük. Onların bir çoxu da seçkilərdə erməni lobbisinin dəstəyini qazanmaq üçün bu addımı atır”.
Tofiq bəy məlumatlı şəxsdir, təcrübəli diplomatdır. Onun bu izahı, yanaşması orijinallığı ilə seçilir.
Yuxarıda yazdığımız fikrə qayıdaq. Qərb mediasının rəftarı hazırda bölgədə münasibətləri daha da gərginləşdirir. ABŞ, Avropa, Britaniya mediası haqda nağıllar uyduranlar, onları az qalsın müqəddəs elan edənlər indi bu rəzalətə nə ad verir, görəsən? Harda qaldı medianın əsas prinsipləri olan obyektivlik, tərəfsizlik, peşəkarlıq? Separatçıların uydurduğu yalanlarını tirajlayan BBC, Azadlıq Radiosu, Meydan TV, digər media subyektləri bir ovuc erməni separatçıya görə özlərini niyə bu durumlara salırlar? Niyə Azərbaycana qərəzli yanaşırlar? Yoxsa bəzi Qərb siyasətçiləri, məmurları kimi onların da qonorarını erməni lobbisi ödəyir? Qosqoca BBC niyə erməni yalanlarını dünyaya yaymaq kimi məsuliyyətsizliyə, qeyri-peşəkarlığa, vicdansızlığa əl atsın?! Söhbət burda yalnız islamofobiya elementlərindən, xristian təəssübkeşliyindən getmir. Korrupsiya, rüşvət, gizli anlaşmalar haqda şübhələrin yaranmasına əsaslar görünür.
(Hikmət Hacıyev Ağdam-Əsgəran-Xankəndi yolunun girişində jurnalistlərə açıqlama verir)
Hər şeyə rəğmən, Azərbaycan dövləti ortaya iradə qoyub. Bakı israrla bildirir ki, yüklər Ağdam-Xankəndi yolundan daşınacaq. Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, bu yol açıldıqdan 24 saat sonra Laçın yolunda da gediş-gəlişə icazə veriləcək. Bir sözlə, Azərbaycan sülh, əmin-amanlıq və iki ölkə arasında qarşılıqlı etimad üçün vacib olan bütün şərtlərə əməl etməyə hazır olduğunu göstərir. Qarşı tərəf isə havadarlarının göstərişi, dəstəyi ilə vəziyyəti daha da gərginləşdirən addımlar atır.
Bəs bu cığal mövqe ilə hara qədər gedə biləcəklər? Ermənilər bir gerçəyi anlamaq zorundadırlar: Azərbaycanla qonşuluqda yaşayırlarsa, qonşuluq qaydalarına, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə məhkumdurlar. Onların gələcəyi nə Fransadan asılıdır, nə xaricdəki erməni lobbi təşkilatlarından. Bura türk bölgəsidir. Bu bölgənin sahibi türklərdir. Türkiyə, Azərbaycan, Güney Azərbaycan, Mərkəzi Asiya ölkələri, İraq türkmənləri olmaqla bölgədə üst-üstə ən azı 300 milyondan çox türk yaşayır. Regionda təkcə azərbaycanlıların sayı 50 milyondur. Ermənilərin dörd yanı bizik! 1-2 milyonluq erməni belə azman gücə nə edə bilər? Heç nə! Prosesi ləngitməkdən, təxribat törətməkdən başqa əllərindən bir iş gəlmir.
Azərbaycanın Xankəndi əməliyyatı başlayıb. Hərblə, tankla, topla, ordu ilə yox, humanitar aksiya ilə. Nəticə var. Separatçılar arasında ziddiyyət dərinləşir. Maraqlıdır ki, Azərbaycanın humanitar əməliyyatından az sonra Qarabağ separatçılarının başçısı Araik Arutyunyan istefa verdi. Acından öldüklərini deyən ermənilərə qida təklif edirik, Xankəndi qarışır. 40 ton un yüklənmiş maşınları sərhədə qədər sürmüşük, ermənilər bir-birinə dəyib. Azərbaycanın bu insani rəftarı belə erməniləri rahatsız edir. “Xain xoflu olur” deyib atalarımız.
Məqsəd Azərbaycanda separatizmi ləğv etmək, ərazi bütövlüyünü təmin etməkdir. Bu, rəsmi Bakının qarşısında dayanan əsas hədəfdir. Separatçılar mütləq təslim olmalı, Azərbaycanın şərtlərini qəbul etməlidirlər. İlham Əliyev bu ilin may ayının 28-də Laçında səfərdə olarkən demişdi ki, separatçılar təslim olarlarsa, onların əfv məsələsinə baxıla bilər. Prezident demişdi ki, bunu ondan bəzi Qərb ölkələri xahiş edib. Maraqlıdır, ermənilərə əfv diləyən Qərb niyə yenidən separatçıların başını Azərbaycanın dəmir yumruğunun altına uzadır?
Bəs Xankəndidəki separatizm dinc yolla aradan qaldırılmasa necə olacaq?
Bu suala professor Qabil Hüseynlinin Globalinfo.az-a son açıqlamasından bir sitatla cavab verək:
“Hesab edirəm, Hikmət Hacıyevin “qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir” sözləri açıq xəbərdarlıqdır. Bundan sonra Azərbaycan səbir nümayiş etdirməyəcək. Azərbaycan ermənilərə daha sülh çağırışı da etməyəcək. Rejim öz-özünü buraxmasa və tərksilah olmasa, bunu Azərbaycan silahlı qüvvələri də edə bilər”.
Azər Ayxan
Globalinfo.az














