“Sülh hazırda Azərbaycandan çox Ermənistana lazımdır. Çünki təxribatları törədən və ya üçüncü qüvvələrin provokasiyasının qarşısını ala bilməyən məhz İrəvandır”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi və ətraf ərazilərin Azərbaycan yurisdiksiyana necə girməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan motivinin nə olmasından, arxasında kimin durmasından asılı olmayaraq bütün sabotaj cəhdlərinə adekvat cavab verərək öz geosiyasi və ədalətli maraqlarını təmin etmək iqtidarındadır:
“Birincisi, nəzərə almaq lazımdır ki, biz qalib tərəfik. Vətən müharibəsindən keçən üç ilə yaxın müddət ərzində sülh təşəbbüsü ilə çıxış edirik. Bu, Azərbaycanın humanist mövqeyinin ən böyük təzahürüdür.
İkincisi, sərhədlər hələ müəyyənləşməyib. Ermənistan hərbi-siyasi hakimiyyəti bütün imkanları ilə bu prosesi ləngitməyə çalışır. Bu isə o deməkdir ki, Azərbaycan təxribatlara cavab olaraq sərhədləri özü müəyyənləşdirə bilər.
Bundan başqa, bizim üçün dayanıqlı sülh prioritetdir. İndiyə kimi Ermənistanla bir neçə dəfə müqavilə imzalanıb. Məsələn, 1994-cü ildəki atəşkəs və ya 2020 və 2021-ci illərdə əldə olunan üçtərəfli razılaşmalar.
Ermənistan bu sənədlərin tələblərinə məhəl qoymur, öhdəliklərini yerinə yetirmir. Biz tarixi təcrübədən dərs çıxarmalıyıq. Yəni dayanıqlı sülhün təmin olunmasına çalışmalıyıq. Bu isə o deməkdir ki, ehtimal edilən sülh müqaviləsindən əvvəl bir sıra “düyünlər” açılmalıdır. Məsələn, Zəngəzur dəhlizi işə salınmalıdır. Ən vacib məqamlardan biri isə Xankəndidəki terrorçuların ərazidən çıxarılmasıdır. Əlbəttə, bu olmadıqca sülhün dayanıqlığından söhbət gedə bilməz. Çünki terrorçular təhdid mənbəyi olaraq qalacaqlar. Beləliklə, sülh müqaviləsi kövrək, sənəd isə sadəcə kağız parçası olacaq.
Üçtərəfli razılaşmalara əsasən terrorçular Qarabağdan çıxarılmalı idi. Lakin bu, olmadı. Rusiya, Ermənistan öhdəliklərini yerinə yetirmədi. Bu azmış kimi, Qarabağdakı terrorçular, az qala, hər gün təxribat törədirlər. Bu isə həm də Qarabağdakı etnik ermənilərin Azərbaycana reinteqrasiyası prosesinə mane olur. Fikrimcə, biz Xankəndi məsələsini əvvəlcə diplomatiya meydanında həll etməyə çalışmalıyıq. Bu nəticə vermədikdə isə növbəti antiterror əməliyyatının başlanması tamamilə realdır. Buna həm haqqımız çatır, həm də gücümüz var”.
Turan Rzayev
Globalinfo.az














