Xaçaturyan ömürlük həbs olunmalıdır – Meşəli sakinləri

Xaçaturyan ömürlük həbs olunmalıdır - Meşəli sakinləri

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş şəxslər məhkəmədə ifadə verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, zərərçəkmiş İlham Kazımov məhkəmədə bildirib ki, Meşəli kəndinə hücum zamanı orada olub: “Bizi ermənilər mühasirəyə aldılar. Körpə uşaqdan tutmuş, böyüyə qədər 25 nəfəri öldürdülər, atam da şəhid oldu. 14 nəfər yaralandı. Onlardan biri də mənəm. Atam ovçu idi. Vaqifgil bilirdilər ki, atanın atdığı güllə boşa çıxmayıb. O vaxt bizim kənd sakini Nübar Qasımova gəlib dedi ki, bizi Vaqifin dəstəsi qırdı…

Mən onun ömürlük həbsini istəyirəm. Meşəli soyqırımında Badara ermənilərinin hamısı iştirak edib. Nübar Qasımovanın yoldaşı şəhid oldu, özü də ayağından yaralandı. Badarada bundan başqa Vaqif olmayıb. Badarada Vaqif Xaçaturyan bir bu idi. Bundan başqa Vaqif yox idi, Vahid var idi, Vaqif yox”.

Zərərçəkən şəxs qeyd edib ki, Meşəlini ermənilər “Alazan” raketi ilə vurublar: “Səhər 7-nin yarısı idi. Kəndin aşağısında 3 güllə atıldı. Ondan sonra başımıza güllə yağdırdılar. Ermənilər kəndin Laçına tərəf hissəsini tutmamışdı. Kəndin bir hissəsi qaçıb canını qurtara bildi, amma əsir götürülənləri öldürdülər. Bu indi burda özünü artistliyə qoyub. Onların komandiri bu olub. Vaqifə ömürlük həbs cəzası verilsin”.

Daha sonra zərərçəkmiş şəxs Rəcəbov Şahvələd Kamal oğlu dindirilib. O qeyd edib ki, Badara ilə Meşəli qonşu kənddir: “Əvvəllər normal idə hər şey. 1988-ci ildən sonra bunlar çöndülər. Bizim yolumuz bunların kəndlərindən keçir.Hadisə günü yuxudan durdum ki, kəndi güllə yağmuruna tutdular. Şöbəyə getdim, gördüm ki, orada kəndi müdafiə etmək istədik. Lakin baxdı. ki, şəhidlərimiz vardı. Sağ budumdan mən də güllə yarası aldım, sonra tərpənə bilmədim. Kənddə uşaq, qadın, qoca demədən hamıya qarşı vəhşilik edirdi. Yoldaşım da uşaqlarla qarlı havada oradan çox çətin çıxa bildilər. Mən yaralı olaraq meşəyə çıxdım, gördüm ki, ailəm orada qalıb. Yoldaşım donvurmadan əlil oldu. Sonra biz başqa yerə keçib, helikopterlə Ağdama gətirdilər. Bu Vaqif Meşəli hadisələrin döyüşlərə rəhbərlik edib, azərbaycanlılara qan uddurub. Bu adam ömürlük həbs olunmalıdır. Biz bunu tələb edirik”.