Vardanyan getdi, Laçın yolunda aksiyalar sonlanacaq?

Vardanyan getdi, Laçın yolunda aksiyalar sonlanacaq?

Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş katibi Antonio Quttereşə zəng edib. Tərəflər arasında baş tutan telefon danışığının əsas mövzusunun Laçın yolunda davam edən etiraz aksiyaların olduğu ehtimal edilir. Xüsusilə hazırda İrəvanda və separatçılar arasında belə fikirlər var ki, Paşinyanın Vardanyanın “gedişindən” sonra öncə Rusiya Prezidenti Vladimir Putinə, ardınca BMT baş katibi Quttereşə zəng etməsi məhz Laçın yolundakı aksiya ilə bağlıdır.

Hazırda bir susal aktual olaraq qalır: Ruben Vardanyanın qondarma “vəzifəsindən” uzaqlaşdırılmasından sonra Laçın yolundakı aksiya başa çatacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, aksiyanın əsas tələbi başqadır:

Vardanyan getdi, Laçın yolunda aksiyalar sonlanacaq?

Asif Nərimanlı

“Öncə onu deyim ki, ermənilər Vardanyanın vəzifədən uzaqlaşdırıldığını əsas gətirərək “Bakının tələbi icra edildi, Laçın yolunda aksiya bitməlidir” rəyini yaratmağa çalışır.

Halbuki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi suveren ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Bu tələblər isə hələlik yerinə yetirilməyib.

Digər tərəfdən, unutmamalıyıq ki, aksiyalar bu tələblə başlasa da daha sonra əlavə tələblər də gündəmə gəldi. Misal üçün, Laçın yolundan qeyri-humanitar məqsədlər üçün istifadə dayandırılmalı, yolda Azərbaycanın nəzarət mexanizmlərinin yaradılması təmin edilməlidir. Və yaxud, Ruben Vardanyan Azərbaycanın suveren ərazisini tərk etməlidir.

Bu tələblərin heç biri icra edilməyib. Elə isə aksiyaların dayandırılmalıdır tələbi əsassız olur”.

Turan Rzayev
Globalinfo.az