
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyada doğum sayının fəlakətli dərəcədə aşağı səviyyəyə endiyini və bunun xalqın gələcəyi üçün təhdid yaratdığını bildirib.
Sirr deyil ki, son zamanlar Azərbaycanda da doğum səviyyəsi getdikcə azalır. Hətta 6 ay ərzində 42 mindən çox uşaq tələf olunub. Ölkədə doğum sayını artırmaq üçün hökumət hansı addımları atmalıdır?
Xəbəri video halında izləyə bilərsiniz:
Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli Azərbaycanda da demoqrafik vəziyyətlə bağlı görüntünün getdikcə pisləşdiyini bildirib.
Onun sözlərinə görə, doğrudan da ölkədə doğuş sayı azalır:
Natiq Cəfərli
“Azalma da onunla əlaqəlidir ki, insanların gələcəklə, yəni öz sosial-iqtisadi vəziyyətləri ilə bağlı aydın təsəvvürləri yoxdur. Uzun müddətdir Azərbaycanda müzakirə olunan, amma çox təəssüf ki, həllini tapmayan uşaqpulu adlı bir problem var. Bu, çoxuşaqlı ailələr, ümumiyyətlə, bütün ailələr üçün vacibdir. Ona görə də, uşaqpulu sosial yardım layihəsinin tərkib hissəsi olmalıdır”.
İqtisadçı deyib ki, məsələ birdəfəlik öz həllini tapmalıdır:
“Vətəndaşların övladlarını normal böyüdə bilməsi üçün bir dövlət dəstəyinə ehtiyacı var. Bu güvən ailələrdə yaranarsa, onlar ikinci, hətta üçüncü uşağı daha rahat planlaya bilərlər. Bu da Azərbaycanda demoqrafik vəziyyəti düzəldə bilər. Ona görə də ümid edirəm ki, bu məsələ yeni parlamentdə birdəfəlik öz həllini tapacaq. Düşünürəm, ciddi müzakirələrdən sonra insanların gözləntisinə cavab verən bir qərar alınacaq”.
Zaira Akifqızı
Globalinfo.az














