Ukrayna müharibəsində 9 Mayın rolu: “İki ölkə də buna məcburdur”

 

Ukrayna müharibəsində 9 Mayın rolu: "İki ölkə də buna məcburdur"

“Vaqner” birləşməsinin rəhbəri Yevgeni Priqojinin açıqlamalarından sonra Kremldə hər hansı ciddi hərəkətlilik müşahidə olunmadı. Bu gün isə 9 May faşimz üzərində qələbənin 78-ci il dönümüdür. Rusiya üçün önəmli tarixdir. Moskvanın bu münasibətlə Ukraynaya ciddi zərbələr endirəcəyi, həlledici addımlar atacağı müzakirə edilir. Həmçinin Kremlə dron hücumu ilə bağlı görüntülərdən sonra ciddi şəkildə cavab veriləcəyi bildirildi, amma hələ heç bir cavab tədbiri yoxdur. Bəs Proqojinin son bəyanatlarından sonra Ukraynadakı vəziyyəti necə dəyərləndirmək olar? Moskva dron hücumlarına cavab üçün öncədən 9 Mayı gözləyib?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Xəyal Bəşirov heç bir hücumun müharibənin taleyini qısa zamanda həll edə bilməyəcəyini söyləyib:

Ukrayna müharibəsində 9 Mayın rolu: "İki ölkə də buna məcburdur"

Xəyal Bəşirov

“Müharibənin əsas qollarından biri də psixoloji mübarizədir. Son aylarda Rusiya-Ukrayna müharibəsində də bu istiqamətdə gərginlik müşahidə edirik. Zaman-zaman tərəflər psixoloji hücuma keçir, informasiya cəbhəsində bir-birilərinin yaydığı məlumatları təkzib edirlər. Son günlərdə 9 May öncəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücuma keçəcəyi ilə bağlı informasiyalar yayılırdı. Eyni zamanda Qərbin dəstəyi ilə Ukraynanın sursatla təminatından sonra qarşı tərəfə ciddi əks-hücuma keçəcəyi bildirilirdi. Məlumdur ki, bir ildən çoxdur davam edən müharibə Rusiyanın çox sayda həm canlı qüvvə, həm də texnika, silah-sursat itkisi verməsinə səbəb oldu. Eyni zamanda Ukraynaya Qərb cəbhəsinin göstərdiyi çoxsaylı dəstəyə baxmayaraq bu ölkə də böyük itkilərə məruz qaldı. İri şəhərlərin bir çoxu yerlə-yeksan edilib. Ümumiyyətlə hazırda Baxmut ətrafında davam edən mübarizəyə baxmayaraq, digər cəbhələrdə kəskin döyüşlər müşahidə etmirik. Bu da silah-sursat, texnika çatışmazlığı ilə bağlıdır. Ola bilər ki, Rusiya ciddi hücuma keçsin, amma bir ildən çoxdur davam edən bu müharibənin taleyi bir gündə həll olunmayacaq. Düşünürəm ki, bəzi qüvvələr tərəflər arasında bu psixoloji mübarizədən atəşkəs rejimi, yaxud sülh müqaviləsinin imzalanması üçün istifadə edə bilərlər”.

Politoloq tarixi günlərin əsgərlərə psixoloji təsirindən söz açaraq, bəzən bunun böyük hücumlar üçün istifadə edildiyini bildirib: “Vladimir Putinin 9 May ərəfəsində Ukraynaya böyük zərbə endirməyi planlaşdırdığı deyilir. Amma unutmayaq ki, faşizm üzərində qələbə hər iki ölkənin zamanında birgə mübarizəsinin nəticəsidir. Təəssüf ki, əvvəl eyni cəbhədə döyüşən ölkələr bu gün bir-birilərinə qarşı amansız müharibə aparırlar. Hazırda hər iki ölkənin vətəndaşları bu müharibədən beziblər. Döyüşlər Ukrayna ərazisində gedir. Xalq nə qədər müharibəni arzulamasa da, torpaqlarının rusların nəzarəti altında qalmasını istəmir. Düşünürəm ki, hazırda hər iki ölkə atəşkəs razılaşmasına, döyüşləri dayandırmağa, güzəştə getməyə məcburdurlar. Əks təqdirdə döyüşlər davam edəcək və bu, çox sayda itki deməkdir. Artıq ikinci 9 May Qələbə Günüdür ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Ötən il bu tarixdə Rusiyanın Ukrayna cəbhəsində hansısa əhəmiyyətli uğur əldə etməsinin şahidi olmadıq, bu il də olacağımızı düşünmürəm. Hər bir halda bu kimi tarixi günlər cəbhədəki əsgərlərə müəyyən psixoloji təsir göstərmək baxımından çox ciddi rola malik olur. Bəzən rəhbərliklər də bu məsələdən istifadə edərək düşmənə ağır zərbə endirilməsinə nail olurlar”.

Ayşən Mustafa
Globalinfo.az