Dünya hərb tarixində bir ilk yaşandı: Bakını sevindirən gəlişmə – VİDEO

Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi – “TCG Anadolu” xidmətə verilir. Uzunluğu 231 metr, eni 32 metr olan “TCG Anadolu” 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir. Maksimum yükdaşıma qabiliyyəti isə 27 min 436 tondur.

Gəmi hazırda orduda xidmətə tam hazırdır və ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

Ümumiyyətlə, amfibiya hücum gəmisinin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq hələ 2015-ci ildən hazırlanmağa başlanıb. Yunanıstanla vaxtaşırı gərginlik, Rusiya-Ukrayna müharibəsinin Qara dənizdə yaratdığı təhlükəsizlik problemi, habelə yeni kəşf edilən karbohidrogen yataqları ilə birlikdə Ankaranın artan Aralıq dənizi maraqları Türkiyənin donanmasını gücləndirmək zərurəti yaradıb.

Türkiyə hazırkı statistik göstəricilərə görə dünyanın 12-ci ən böyük, Aralıq dənizinin isə 5-ci ən böyük donanmasına malikdir (statistika mənbələrdən asılı olaraq fərqli ola bilər). Bu, çox ciddi göstərici olsa da, Ankara mövcud donanma potensialını artırmaq niyyətindədir.

“TCG Anadolu” bu baxımdan Türkiyənin mövcud donanma potensialını artıracağı kimi, dənizlərdə aviasiya üstünlüyü də təmin edəcək. Xüsusilə vurğulanmalı olan məqam isə “TCG Anadolu”nun PUA gəmisi olmasıdır.

Nəzərə alsaq ki PUA-lar müasir döyüşlərin əvəzsiz bir parçasıdır və Türkiyə bu sahədə kifayət qədər ixtisaslaşmış bir ölkədir, bu aparatların donanmalara inteqrasiyası və dənizlərdə tətbiqi növbəti yenilik hesab edilə bilər. Bu həm də gələcəkdə PUA-ların uçuş məsafəsinin, eyni zamanda havada qalma müddətinin artırılması üçün yeni sınaqların keçirilməsi baxımdan da vacibdir.

Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi – “TCG Anadolu”nun xidmətə başlaması dünya hərb tarixində yeni bir səhifənin açılması deməkdir.

“TCG Anadolu”nun xidmətə başlaması Azərbaycan üçün də mühüm hadisədir. Məsələ ondadır ki, ən azı Türkiyə kimi Azərbaycan da Xəzər donanmasını gücləndirməyə çalışır. Mövcud İran-Azərbaycan gərginliyi Xəzər donanmasının gücləndirilməsinin vacibliyini bir daha göstərdi. Hesab edirəm, gələcəkdə Türkiyə və Azərbaycan Xəzərdə “TCG Anadolu” bənzəri yeni bir PUA gəmisinin ərsəyə gəlməsi üçün ortaq iş görə bilər.

Xəzər dənizində Azərbaycan donanmasının tərkibində “TCG Anadolu” kimi bir PUA gəmisinin olması İran kimi ölkələrə gözdağı olacağı kimi Mərkəzi Asiya türk dövlətləri nəzdində Ankara və Bakının dəyərini daha da artıracaq. Bu həm də TDT baxımdan da ciddi addım ola bilər.

Turan Rzayev
Globalinfo.az