Türkiyə Ermənistanla sərhədləri açır? – Mühüm gəlişmə

Türkiyə Ermənistanla sərhədləri açır? – Mühüm gəlişmə

“Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın Antalya Diplomatiya Forumunda iştirak edən erməni həmkarı Ruben Rubinyana növbəti görüşün İrəvanda keçirilməsini təklif etməsi Ankaranın bu istiqamətdəki səylərinin daha ciddi məcraya qədəm qoyacağı anlamına gəlir. Yəni Türkiyə normallaşma ilə bağlı Ermənistana müsbət jest etməklə yanaşı, eyni zamanda İrəvandan konkret addımlar gözləyir”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.

Əli Zülfüqaroğlu əlavə edib ki, bu addımın Fransanın pozucu siyasəti və Ermənistanın silahlandırması fonunda baş verməsi diqqət çəkir:

“Fransanın Ermənistanla bağlı addımı Rusiya ilə yanaşı, İran və Türkiyəni də narahat edir. Yəni hər kəsə aydındır ki, Fransa Ermənistanın maraqlarını deyil, öz geosiyasi maraqlarını bölgədə təmin etmək haqqında düşünür. Bu isə Ermənistanın fəlakətə sürükləməsi, yəni qurban verilməsi hesabına Qərbin bölgəyə yerləşmə planlarının tərkib hissəsidir və İrəvanın maraqlarına qarşıdır. Amma Paşinyan girovluqda olan siyasətçi olaraq Qərbin əmrlərini icra etməyə məcburdur.

Hər kəsə, hazırkı Ermənistan hökumətinə də bəllidir ki, Ermənistanın və erməni xalqının yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Bu olmayacağı təqdirdə Ermənistan üçün müsbət perspektiv yoxdur. Türkiyə çalışır ki, bölgədə yeni gərginlik ocağı yaradılmasının qarşısını alsın. Əslində Azərbaycanla Türkiyənin addımları həm də Ermənistanın xilas edilməsi deməkdir”.

Turan Rzayev
Globalinfo.az