Tural Abbaslının YAP-çılara “gəlin, küçələrə çıxaq” təklifinə cavab gəldi

Tural Abbaslının YAP-çılara “gəlin, küçələrə çıxaq” təklifinə cavab gəldi

AĞ Partiya başqanı Tural Abbaslı Globalinfo.az-a açıqlamasında müxalif partiyalarla Yeni Azərbaycan Partiyasını (YAP) müqayisə edib. YAP-la müqayisədə müxalif partiyaların maddi bazasının zəif olduğunu etiraf edən T.Abbaslı ictimaiyyət arasındakı nüfuzunun hakim partiya namizədlərindən çox olduğunu bildirib.

Sitat: “Siyasətdə güc anlayışı fərqlidir. Yəni siyasətdə güc anlayışı maliyyə imkanlarından asılı deyil. Siyasi partiyaların gücü onlara inanan, dəstəkləyən xalqdan asılıdır. İnsanların etimad etdiyi şəxslər sonda qalib gəlir. Misal üçün, mən deyə bilərəm ki, bu gün YAP-ın neçə deputatı, ya da namizədi mənimlə rəqabət apara bilər. Yəni küçədə kimin nüfuzu daha çoxdur, buna baxmaq lazımdır.”

Mövzu ilə bağlı Globalinfo.az-a danışan YAP-ın üzvü, deputat Müşfiq Məmmədli deyib ki, hakim partiyanın nüfuzu Milli Məclisə VI çağırış üzrə keçirilən seçkilərdə göründü.

Tural Abbaslının YAP-çılara “gəlin, küçələrə çıxaq” təklifinə cavab gəldi

Müşfiq Məmmədli

O, partiyanın 70 deputatla təmsil olunduğunu qeyd edib:

“Hər bir partiyanın nüfuzu seçkilərdə iştirakı və qazandığı səslərlə ölçülür. Bütün dünya siyasətində bu cürdür. YAP-ın cəmiyyət arasındakı nüfuzuna gəlincə isə hər şeyi daha dəqiq görmək üçün həmin insanları deputatı olduğum Sumqayıt şəhərinə dəvət edirəm. Gəlib, YAP və deputatların nüfuzunun necə olduğunun şahidi ola bilərlər”.

Deputat deyib ki, hakim partiyanın nüfuzu onun gördüyü işlərlə ölçülür:

“Bilirsiniz ki, partiyamızın rəhbəri İlham Əliyevin gördüyü işlər nəticəsində 200 illik milli ideyamızın, itirdiyimiz torpaqlarımızın bərpası Azərbaycan iqtidarının ən böyük uğurudur. Son 30 ildə ölkənin beynəlxalq hüquq normaları çərçivəsində sərhədlərin bərpa olunması, bundan öncəki prezident və parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsi də bir nümunədir. Braziliya Dostluq Qrupunun rəhbəri ölkəmizdə səfərdə olan zaman dedi ki, Azərbaycan Cənubi Qafqazın super gücüdür. Bu da beynəlxalq çərçivədə görülən işlərin nəticəsidir”.

Zaira Akifqızı
Globalinfo.az