
“NATO qlobal dünya və stabillik üçün real təhdid mənbəyidir”.
Globalinfo.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan deyib.
“NATO soyuq müharibə dövrünün məhsulu və dünyanın ən böyük hərbi ittifaqı özünü bir tərəfdən regional müdafiə təşkilatı adlandırır, digər tərəfdən isə mütəmadi olaraq özünün səlahiyyətini artırıb, müdafiə sahəsindən çıxır və konfrantasiyanı provokasiya edir. Bu da onda soyuq müharibə mentalitetinin olduğunu göstərir. Bu, qlobal dünya və stabilliyə təhdid yaradan real risk mənbəyidir” – deyə o bildirib.
Diplomat deyib ki, NATO sərt şəkildə özünün müdafiə təşkilatı roluna sadiq qalmalı, Asiya-Sakit okean regionunda gərginlik yaratmağı dayandırmalı, soyuq müharibə və blokların qarşıdurması mentalitetindən yaxa qurtarmalıdır.
Qeyd edək ki, sabah Vaşinqtonda NATO sammiti baş tutacaq. Sammitin əsas mövzularından biri Çin məsələsi olacaq. ABŞ artıq sammitə Çinlə eyni bölgədə yerləşən əsas gücləri dəvət edib. Yaponiya mətbuatı isə görüşdə Yaponiya, Avstraliya, Yeni Zellandiya və Cənubi Koreya ilə NATO-nun əlaqələrinin genişləndirilməsinə dair ilk müştərək sənədin imzalanacağına dair məlumat yayıb.
NATO 2016-cı ildən sonra Çinlə bağlı narahatlıqlarını artırmağa başlayıb. ABŞ isə bu dönəm ərzində bölgədə Britaniya, Avstraliya ilə AUKUS, eləcə də Hindistan, Yaponiya, Avstraliyanın iştirakı ilə QUAD kimi təşkilatlar qurub.
Əliyar Xəlil
Globalinfo.az