Trampın sui-qəsd olayına Akopyanın reaksiyası: “Siyasi rəqiblərin güllələnməsi…”

Trampın sui-qəsd olayına Akopyanın reaksiyası: "Siyasi rəqiblərin güllələnməsi..."

“Siyasi opponentlərə sui-qəsd cəhdləri qlobal tendensiyaya çevrilir”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi strateq Vigen Akopyan deyib.

Onun proqnozuna görə, ABŞ-da prezidentlik kampaniyası ciddi sürprizlər təqdim edə bilər.

“Trampa qarşı sui-qəsd cəhdi “oyun qaydaları”nın artıq beynəlxalq münasibətlərdə tətbiq olunmadığını açıq şəkildə nümayiş etdirir və siyasi rəqiblərin güllələnməsi müəyyən dairələr üçün tanış alətə çevrilir. ABŞ Demokratlar Partiyasının simvolizə etdiyi liberal-qlobalist qanadla Respublikaçılar Partiyasının ən radikal sağ qanadını təmsil edən Trampın mühafizəkar istiqaməti arasında qarşıdurma yaranıb. Bu gün dünyada baş verənləri geosiyasi qütblərin müharibəsi adlandırmaq olar. Gürcüstanın baş nazirinin Trampa sui-qəsd cəhdi ilə bağlı reaksiyasını qeyd etmək istərdim. Əslində, bu, qlobal izin birbaşa göstəricisidir. Yəni ətrafında kifayət qədər kəskin proseslərin cərəyan etdiyi ölkənin baş naziri özünü qlobal müharibənin tərəfdarı kimi göstərir”.

Akopyan qeyd edir ki, sui-qəsd cəhdi Trampın prezidentlik yarışında şanslarını artıra bilər.

“Keçmiş prezidentin reytinqi yüksələcək, çünki onun həyatına sui-qəsd hekayəsi uzun müddət mediada tirajlanacaq və Tramp aparıcı KİV-lərin manşetlərini zəbt edəcək. Amma zəmanətli qələbədən danışmaq hələ tezdir. “Qurban” obrazı seçicilərin müəyyən təbəqələrində xüsusi emosiyalar doğurur. Amma seçkilərə daha 3 ay var və qələbənin təmin olunduğunu söyləmək tezdir”.

Sui-qəsdin təbliğat məqsədi ilə respublikaçıların özləri tərəfindən təşkil oluna biləcəyi ehtimalına Akopyan belə cavab verib.

“Trampın həyat üçün təhlükə yaradan şou təşkil edəcəyinə inanmıram. Ümumiyyətlə, bunun əksi sübuta yetirilməyənə qədər, sui-qəsd cəhdini Trampın təşkil etdiyinə dair bir neçə versiya ola bilər. Amma əsas sual Trampın belə bir “şou”ya ehtiyacının olub-olmaması ilə bağlıdır. Hər halda, ABŞ-da prezident seçkiləri kampaniyası hələ də ciddi sürprizlər təqdim edə bilər. Üstəlik, opponentlər imkanları ilə bağlı o qədər də seçici deyillər”, – Akopyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az