
ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası müddətində sui-qəsdə məruz qalmasından sonra baş verənlər ilk dəfə ictimaiyyətə açıqlanıb.
Globalinfo.az xəbər verir ki, “Axios” nəşri ABŞ prezidentinə sui-qəsd cəhdindən sonrakı müddətdə Trampın mühafizəsi üçün məxfi planların hazırlandığını yazıb.
Nəşr yazır ki, bütün detallar martın 18-də satışa çıxarılacaq “İntiqam: Trampın iqtidara dönüşünün daxili hekayəsi” adlı kitabda ətraflı şəkildə təqdim olunacaq. Lakin mövzu ilə bağlı ilkin məlumatlar artıq açıqlanıb.
Hər şeyin 14 iyul 2024-cü ildə seçki kampaniyası zamanı Trampa ilk sui-qəsd cəhdinin olması ilə başladığı bildirilir. Kəşfiyyat xidmətinin araşdırması zamanı dəqiq sübutlarla məsələnin arxasında İranın dayandığı ortaya çıxıb. Beləliklə Trampın həyatı üçün təhlükənin düşünüldüyündən daha ciddi olduğu bildirilib. Təhdidin son dərəcə kritik həddə olması ictimaiyyətdən də gizlədilib. Trampın mühafizə xidməti artıq onun qorunması üçün xüsusi təhlükəsizlik planları hazırlamağa başlayıblar Bu zaman ən çox onun uçuş sxeminə diqqət yetirilib və səyahətləri üçün müxtəlif variantlar düşünülüb.
Kitabda yazılan məlumata görə, mühafizəçilərə Tehranın xüsusi tapşırıq verdiyi casuslarının hər yerdə ola biləcəyinə dair yüksək səviyyəli xəbərdarlıq edilib. Prezidentliyə namizədin “Tramp Force One” adı ilə tanınan xüsusi təyyarəsinin havaya qalxışı və yerə enişi ilə bağlı təhlükəsizlik xidmətində narahatlıq artıb. Bu, 15 sentyabrda baş verən ikinci sui-qəsd cəhdindən sonra daha kritik hal alıb. Beləliklə onun qorunması üçün gizlin uçuş planlarının hazırlanmasına qərar verilib.
Donald Trampın xüsusi təyyarəsi
Nəşr yazır ki, təhlükəsizlik komandası İran təhdidindən çox ciddi şəkildə qorxduğu üçün bir dəfə Trampı kampaniya çərçivəsində getməli olduğu əraziyə ABŞ-ın hazırkı Yaxın Şərqin nümayəndəsi Stiv Uitkofun təyyarəsi ilə aparıblar. Paralel olaraq isə milyarderə məxsus xüsusi təyyarə də uçuşa hazırlanıb və hər kəsə onun öz təyyarəsi ilə səyahət edəcəyi barədə məlumat verilib. Hər iki təyyarə eyni zamanda havaya qalxıb, yalnız uçuş başladıqdan sonra xüsusi təyyarədə olan ekipaj üzvləri Trampın oturacağının boş olduğunu görüblər. Trampın məsləhətçisi Kris Lasivita ekipaja narahat şəkildə, – “Müdir bu gün bizimlə gəlməyəcək”, – deyib. Onun son anda başqa təyyarəyə mindirilməsinə qərar verildiyini bildirib. Bu zaman təyyarə ekipajı arasında narazılıq olub. Heyət üzvləri İranın təyyarəni vurması ehtimalı olduğu halda, niyə insanların ona mindirildiyini soruşublar. Bu, daha sonra Trampın komandası daxilində “kabus uçuşu” adlandırılıb.
Məlumata görə, tək təhdid təyyarənin vurulması da olmayıb. ABŞ Milli Kəşfiyyat Xidməti Trampın komandasına onun Nyu-Yorkda sentyabrın 18-də baş tutacaq mitinq zamanı avtomobil karvanına hücum ola biləcəyinə dair xəbərdarlıq edib. Hətta Lasivitanın həmin gün Trampın SMM-nə, -“Əsla pəncərəyə çıxıb foto çəkməyə çalışma, hədəf sənsən”, – deyə, zarafat etdiyi qeyd olunur.
Növbəti həftə Trampın Pensilvaniyaya səfəri zamanı onun avtomobilini izləyən dron müşahidə edilib və naməlum obyekt dərhal zərərsizləşdirilib.
Məlumata əsasən, Tramp İran təhdidindən hədsiz çox qorxub, lakin ictimaiyyətə vəziyyəti daha soyuqqanlı təqdim edib. Hətta ilk həftələrdə İran ordusunun generalı Qasim Süleymaninin öldürülməsindən qürurla danışsa da, bir müddət sonra bu haqda söhbət açmağa qorxub.
Ayşən Mustafa
Globalinfo.az