Trampdan əvvəl onlar alıb: Qorbaçov, Mandela, Sədat… – Siyahı

Trampdan əvvəl onlar alıb: Qorbaçov, Mandela, Sədat... - Siyahı

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb. Buna səbəb kimi onun Ukrayna və Yaxın Şərqdə sülh səyləri göstərilib. Trampın uzun müddətdir Nobel arzusunda olduğu bəllidir, lakin ondan əvvəl bu mükafata layiq görülən liderlər olub.

Globalinfo.az Nobel sülh mükafatı alan ABŞ liderlərinin siyahısını təqdim edir.

Teodor Ruzvelt (ABŞ-ın 26-cı prezidenti) – Yaponiya və Rusiya arasında gedən müharibənin sona çatmasında oynadığı rola görə bu mükafata layiq görülüb.

Vudro Vilson (ABŞ-ın 28-ci prezidenti) – 1919-cu ildə Birinci Dünya müharibəsindən sonra Millətlər Cəmiyyətini qurduğuna görə Nobel qazanıb.

Cimmi Karter (ABŞ-ın 39-cu prezidenti) – Dünyadakı münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan haqları uğrunda mübarizəyə görə mükafat alıb.

Barak Obama (ABŞ-ın 44-cü Prezidenti) – Beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə Nobel qazanıb.

Nobel sülh mükafatı alan liderlər siyahısında digər dövlət və hökumət başçıları da var:

Mixail Qorbaçov (SSRİ-nin prezidenti) – 1990-cı ildə Soyuq müharibəni bitirmək üçün göstərdiyi səylərə görə;

Ənvər Sədat (Misir prezidenti) və Menachem Begin (İsrail Baş naziri) – 1978-ci ildə Misir və İsrail arasında sülh danışıqları apardığına görə;

Frederik Villem de Klerk (Cənubi Afrikanın prezidenti) və Nelson Mandela (Cənubi Afrikanın birinci prezidenti) – Aparteid rejiminin dinc yolla ləğvi və yeni demokratik Cənubi Afrikanın əsaslarının qoyulması üçün gördükləri işlərə görə;

Kim Dae-jung (Cənubi Koreya prezidenti) – Cənubi Koreyada və ümumən Şərqi Asiyada demokratiya və insan haqları, xüsusilə də Şimali Koreya ilə sülh və barışıq naminə fəaliyyətinə görə.

Həmçinin Belçika, İsveçrə, Kanada, Fransa, İsveç, Polşa, Almaniya, Kosta Rika və sair kimi ölkələrin başçıları da Nobel mükafatı alanlar sırasındadır.

Günay Rəsulqızı
Globalinfo.az