tramp iran

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar zamanı nüvə silahı əldə etmək cəhdlərindən imtina etməyə razılaşdığını bildirib. “Reuters”in məlumatına görə isə Pakistanın vasitəçiliyi ilə aparılan ABŞ–İran danışıqları müharibəni dayandıracaq sənədin imzalanması ilə yekunlaşmaq üzrədir.

Digər tərəfdən, “Axios” nəşri Vaşinqtonun qarşıdakı 48 saat ərzində bir neçə əsas məsələ ilə bağlı Tehrandan cavab gözlədiyini yazıb. Mümkün ABŞ–İran razılaşması hər iki tərəfin Hörmüz boğazından keçidlə bağlı tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasını nəzərdə tutur. Həmçinin razılaşmaya əsasən, İran uranın zənginləşdirilməsini dayandıracağı gözlənilir. Vaşinqton isə sanksiyaları ləğv edərək İranın maliyyə vəsaitlərini sərbəst buraxacaq.

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, hazırda müxtəlif və ziddiyyətli məlumatlar yayılır:

“ABŞ Prezidenti Donald Tramp bir cür, İran tərəfi isə tamamilə fərqli məlumatlar verir. Lakin ümumiləşdirdikdə belə qənaətə gəlmək olar ki, tərəflər həqiqətən də müəyyən danışıqlar aparırlar. Donald Trampın son təkliflərində ABŞ İranın bütün zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsini istəyir.

İranın Natanz, İsfahan və Fordoda yerləşən nüvə obyektləri demontaj edilməlidir. Həmçinin yeraltı obyektlərin fəaliyyətinə son qoyulmalıdır. Bundan əlavə, Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri istənilən vaxt müəssisələrdə monitorinq apara bilməlidirlər. Hətta onların İranda nümayəndəliyinin açılması məsələsi də gündəmdədir. İran bu əsas şərtlərlə bağlı razılığa gəlməli, ardınca isə Hörmüz boğazını açmalıdır.

murad sadeddinov 1
Murad Sadəddinov

ABŞ isə öz üzərinə sanksiyaların yumşaldılması və dondurulmuş vəsaitlərlə bağlı məsələlərə yenidən baxılması öhdəliyini götürür. Burada bir mühüm məqam da var. Vaşinqton tərəfi bildirir ki, aktivlər razılaşmadan dərhal sonra açılmayacaq. Məsələ yalnız bütün tələblər yerinə yetiriləcəyi halda həll olunacaq.

Sənəd imzalanarsa, atəşkəsin müddəti uzadılacaq ki, əsas müqavilə imzalansın. Lakin çox güman ki, danışıqlar hər hansı nəticə verməyəcək. Ümumiyyətlə, danışıqların tarixinə baxsaq, tərəflərin indiyədək ciddi razılığa gələ bilmədiyini görərik. Həmçinin ABŞ regionda öz hərbi kontingentini gücləndirir. Bu da çox vacib amildir. Belə danışıqların aparılması diqqəti mümkün hərbi əməliyyatların başlanmasından yayındırmağa xidmət edir. Bunu Donald Trampın davranışlarında görmək mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: