Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, vida mərasimində səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ictimaiyyət nümayəndələri, tanınmış şəxslər və jurnalistlər iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, bu gün Azərbaycan mətbuatı parlaq imzalarından biri ilə vidalaşır:
“Nurani Azərbaycanın haqq səsi idi. Analitika sahəsində xanım imzalarına nadir hallarda rast gəlinir. Nurani məhz o imzalardan biri idi”.
Vida mərasiminin ardınca Əməkdar jurnalist Tofiqəxanım Qasımova Yasamal qəbiristanlığında dəfn edilib.
***13:50
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə keçirilən vida mərasimi başa çatıb.
Globalinfo.az xəbər verir ki, mərhumun nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılır.
***12:36
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Globalinfo.az xəbər verir ki, mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir.
Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.
***09:26
Tanınmış siyasi analitik Nurani (Tofiqəxanım) Qasımova uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev məlumat yayıb.
Onun sözlərinə görə, bir neçə gündür səhhəti ciddi şəkildə ağırlaşan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 1970-ci il təvəllüdlü N. Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib. İxtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya böyük marağı onu jurnalistikaya gətirib.
O, peşəkar fəaliyyətinə 1992-ci ildə başlayıb. Müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az və “Minval Politika” xəbər portalında redaktor və əsas siyasi şərhçilərdən biri kimi fəaliyyət göstərib.
N.Qasımova jurnalistika sahəsindəki xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatı və digər media mükafatlarına layiq görülüb. 2020-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.





