Təzminatla bağlı danışıqlar bu halda başlayacaq: İrəvan məbləği ödəməsə…

Təzminatla bağlı danışıqlar bu halda başlayacaq: İrəvan məbləği ödəməsə...

Erməni müxalif deputat Qarnik Danielyan iddia edib Ermənistanın Mülki Müqavilə Partiyası Türkiyə-Azərbaycan tandeminin maraqlarına xidmət edir.

“Qarabağ uzun illər bizim təhlükəsizlik qalamız və zəmanətimiz idi. Onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdılar və Bakı indi onlardan reparasiya tələb edir. Qısaca, Azərbaycan Ermənistana böyük maliyyə tələbləri elan edib. Əgər o ödənməsə, bunun Göyçə və ya Zəngəzur Mis Molibden Kombinatı ilə bağlanacağı deyilir. Vəziyyət o həddə çatıb ki, Azərbaycan artıq “konstitusiyanız dəyişməlidir” deyir və bu adamlar da onun dediyini təkrar edirlər”, – o bildirib.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, işğal dövründə törədilən mədəni, tarixi, etnik, ekoloji terror ilə bağlı Azərbaycanın Ermənistandan, təzminat tələb etməsi haqda çağırışlar edilirdi:

“Son zamanlar xüsusilə sülh danışıqları fonunda bu məsələ bir qədər arxa plana keçib. Daha doğrusu, rəsmi Bakı prioritet hesab etdiyi məsələlərin həllinə daha çox fokuslanıb. Yəni gec-tez təzminat məsələsinə dair danışıqlar olacaq.

Lakin təzminatın məbləği və hansı yollarla qaytarılacağı hələlik bilinmir. Bu istiqamətdə bir çox təkliflər var. Həmin təkliflərdən ən diqqət çəkəni isə şübhəsiz təzminatın maddi şəkildə deyil, torpaq mübadiləsi hesabına edilməsidir. Daha dəqiq desək, təzminat müqavilində Ermənistandan Zəngəzur dəhlizi tələb edilə bilər.

Şübhəsiz rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinə riayət edir və qanunsuz təklif irəli sürməz. Ermənistanda isə təzminata dair təkliflər tamamilə fərqli motivdə və məqsədlə səslənir. Daha çox ultra milliyyətçi revanşist qüvvələr sırf hakimiyyəti nüfuzdan salmaq üçün bu iddialar ilə çıxış edirlər.

Hesab edirəm, Ermənistan təzminat məsləsindən yayına bilməyəcək. Bu məsələsinin tənzimləmə mexanizmi isə sırf ikili danışıqlardan asılı olacaq. Hər hansısa torpaq mübadiləsi inandırıcı deyil, amma dəhliz ilə bağlı məsələ daha ağlabatandır”.

Turan Rzayev
Globalinfo.az