“Tərtər işi” haqda sensasiya böyüyür: ləğv qərarı olacaq?

 

“Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Tərtər işi” mövzusunda çıxışı zamanı məsələyə çox kəskin şəkildə reaksiya bildirib. Çıxışı zamanı o, keçmiş Baş prokuror Zakir Qaralovu da ittiham edib. Hesab edirəm, indiki məqamda aparılan istintaqın yekununu gözləmək lazımdır. İstintaq nəticəsində konkret şəxslər ittiham edilmədikcə və ya məsuliyyətə cəlb olunmadıqca nəsə demək düzgün deyil”.

Bu sözləri Globalinfo.az-a YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun “Tərtər işi” mövzusunda çıxışını şərh edərkən deyib.

O bildirib ki, “Tərtər işi” Azərbaycan cəmiyyətində çox ciddi şəkildə müzakirə olunan məsələlərdən biridir:

“Tərtər işi”nin düzgün aparılmaması, orada günahsızların vətənə xəyanət ilə ittiham edilmələri, fiziki işgəncəyə məruz qalmaları kimi faktlar üzə çıxıb. Bu prosesi Prezident İlham Əliyev nəzarətə aldıqdan sonra Baş Prokurorluğa tapşırıq verilib. Baş Prokurorluq nəzdində xüsusi istintaq qrupu yaradılıb. Bunun nəticəsidir ki, 19 şəxsin günahsız olduğu üzə çıxıb və onlar bəraət alıb. 400 nəfərdən çox ittiham edilən şəxsin işinə yenidən baxılıb.

O ki qaldı Zahid Orucun fikirlərinə, hesab edirəm, bu haqda nəsə deməyim doğru olmaz. Ən doğrusu istintaqın yekununu gözləməkdir”.

Mövzu ilə bağlı danışan politoloq Qabil Hüseynli isə deyib ki, keçmiş baş prokuror Zakir Qaralov barəsində mütləq şəkildə ölçü götürülməlidir:

“Məhz onun dövründə orduda ciddi qüsurlara yol verilib. “Tərtər işi” isə bunun zirvə nöqtəsidir. Ordumuza, onun nüfuzuna vurulan ziyan, zərərçəkmiş şəxslərin uğradığı haqsızlıq cəzasız qalmamalıdır.

O ki qaldı Hərbi Prokurorluğun ləğvinə, hesab edirəm, radikal formada belə bir addım atmaq doğru deyil. Hərbi Prokurorluq Baş Prokurorluq nəzdində bir idarəyə çevrilə bilər. Lakin ordu belə bir nəzarət mexanizminin tam ləğvi düzgün deyil”.

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu isə deyib ki, millət vəkili Zahid Orucun təklifləri yerində və doğrudur:

“Zahid bəy dövlətçiliyimizə, Ümummilli lider Heydər Əliyevə, Ali Baş Komandan İlham Əliyevə sadiq bir şəxsdir. Hesab edirəm, Zahid Oruc bu haqda nə isə bilməsə, danışmaz. Bu mənada onun fikirlərini dəstəkləyirəm”.

Turan Rzayev
Globalinfo.az