Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı – VİDEO

Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı - VİDEO

Gürcüstan parlamentinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı 43 nəfər saxlanılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

“Daxili İşlər Nazirliyi qeyd edib ki, 43 nəfərin hamısı polisin qanuni tələblərinə tabe olmadıqlarına və xırda xuliqanlığa görə saxlanılıb. Aksiya zamanı etirazçılardan bəziləri dəfələrlə təxribat xarakterli hərəkətlər ediblər”, – məlumatda deyilir.

Həmçinin toqquşmalarda 32 polisin xəsarət aldığı da vurğulanıb.

Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tbilisidə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Zurabişvili də qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib.

***09:04

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları tamamilə dağıdıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, nümayişçiləri dağıtmaq üçün polis yenidən gözyaşardıcı qazdan istifadə edib.

Bir neçə nəfər saxlanılıb. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyib.

Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib.

Su şırnaqı və gözyaşardıcı qazdan istifadə edən polis aksiyanı tamamilə yatırmağa müvəffəq olub.

00:05

Gürcüstanda ölkənin Aİ-yə qoşulmasının təxirə salınması xəbərindən sonra etiraz aksiyaları keçirilir.

Globalinfo.az xəbər verir ki, Prezident Salome Zurabişvili parlament binası qarşısında etirazçılara qoşulub.

O, xüsusi təyinatlıların və su şırnaqlarının səfərbər olunduğu Azadlıq meydanına gedib. Salome Zurabişvili Azadlıq meydanına gedən yolu bağlayan xüsusi təyinatlılara yaxınlaşıb və təhlükəsizlik qüvvələrini danlayıb.

“Siz kimə qulluq edirsiniz?”, – deyə o soruşub. Cavab ala bilməyən Zurabişvili “Prezidentinizə cavab vermirsiniz?” – deyə acıqlanıb.

Tbilisidə etiraz aksiyası zamanı Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb. Zərərçəkənin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Polis tərəfindən aksiya iştirakçılarına öz etirazlarını dinc şəkildə bildirmək, mitinq və nümayişlər haqqında qanunla müəyyən edilmiş normaları aşmamaq üçün çağırışlar edilib. Lakin etirazçılar buna məhəl qoymayaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmaya gediblər.

Polis və xüsusi təyinatlılar kütləvi etiraz aksiyasının keçirildiyi Gürcüstan parlamentinin binasını mühasirəyə alıb.

Polis kütlənin üzərinə bir neçə tüstü bombası atıb.

Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı - VİDEO
 
Müşviq Tofiqoğlu
Globalinfo.az