Artıq üç gündür ki, Rusiya sülhməramlılarının Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Bəs aksiyada müxalifət nümayəndələrinin iştirak edəcəyi gözlənilirmi?
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Globalinfo.az-a bildirib ki, artıq aksiyanın tələblərinə münasibəti və dəstəyi ifadə edən bəyanat dərc edilib:
“Siyasi partiyaların bu məsələdə mövqeyi kifayət qədər aydın ifadə olunub. Ötən gün AMİP, AĞ Partiya, AXP və BAP rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası ilə bağlı vəziyyət müzakirə edilərək bəyanat qəbul edilib”.
Partiya sədrinin sözlərinə görə, kütləvi aksiyalarda iştirak etmək üçün gediş-gəliş xüsusi olaraq tənzimlənir:
“Bəyanatda buraxılış icazəsini vermək səlahiyyəti olan orqanlara – həm hüquq mühafizə orqanlarına, həm də Prezident Administrasiyasına müraciət olunub ki, siyasi partiyaların da orda təmsilçiliyinə və aksiyalara dəstək verməsinə şərait yaradılsın, ən azı mane olunmasın və gediş-gəliş üçün qadağa götürülsün”.
AĞ Partiyanın başqanı Tural Abbaslı bildirib ki, ötən gün bununla bağlı dörd müxalifət partiyasının birgə bəyanatı olub:
“Təbii ki, Azərbaycan torpaqlarında talançılığa rus sülhməramlıların laqeydliyinə qarşı etiraz aksiyası keçirmək Azərbaycan xalqının, QHT-lərin, vətəndaş cəmiyyəti sektorunun hüququdur. Biz partiyalar olaraq bunu dəstəkləyirik. Mövzu vətən, millətdirsə, digər məsələlər təfərrüatdır. Orda iştirak etmək istərdik, amma görünür, məsələnin siyasiləşməsinə gərək duyulmur. Etirazlar QHT-lər və müstəqil şəxslər səviyyəsində bildirilir.
Bununla belə, biz vətəndaş kimi də orda iştirak edə bilərik. Bilirsiniz ki, həmin ərazilərə getmək üçün buraxılış icazəsi lazımdır. Təəssüf ki, biz hələ bu icazələri əldə edə bilməmişik. Hər birimiz Azərbaycanın sıravi vətəndaşı kimi də olsa, bu aksiyada iştirak etmək, mövqeyimizi bildirmək və Azərbaycanın suverenliyinin bərpası uğrunda töhfəmizi vermək istərdik”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, bu aksiya dövlətimiz üçün ciddi siyasi əhəmiyyətə malikdir:
“Xüsusən də Qarabağda baş verənlərə dünya ictimaiyyətinin diqqətini cəlb etmək baxımdan önəmlidir. Bu, Xankəndinin Azərbaycanın suverenliyinə qaytarılması istiqamətində ilk aksiyadır. Onun iştirakçılarını mən alqışlayıram və bunu çox yüksək dəyərləndirirəm.
Hazırda müavinlərimdən biri orda QHT xətti ilə iştirak edir. Bu ərazilərə gedişat üçün gərək Azərbaycan hakimiyyəti icazə versin. Orada qalmaq, normal fəaliyyət göstərmək üçün şərait yaradılmalıdır. Hakimiyyətin belə bir təşəbbüsü olacaqsa, biz bunu alqışlayacağıq və orda iştirak edəcəyik. Buna heç kəsin şübhəsi olmasın. Çalışacağıq ki, orda QHT-lərin başlatdığı işi davam etdirək, amma hesab edirəm ki, hakimiyyətin də məqsədi bu aksiyanı daha çox ictimai etiraz kimi təqdim etməkdir. Ona görə də burda siyasi partiya qüvvələri iştirak etmir, heç hakimiyyət partiyasının nümayəndələri də iştirak etmir. Mən təklif etdim ki, hətta lazım gələrsə, Bakıda iqtidarla müxalifət birlikdə Laçın dəhlizində olan aksiyaya dəstək yürüşü keçirsin, yaxud hakimiyyət məsləhət bilərsə, biz QHT-lərdən estafeti alıb, orada mübarizəni davam etdirməyə də hazırıq”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Qarabağda keçirilən aksiyaları dəstəklədiklərini desə də orada iştirak etməklərini hələlik məqsədəuyğun hesab etmir:
“Bu gün müxalif partiyaların sədrləri, yaxud müavinləri orda iştirak etsə, kənar qüvvələr bunu siyasiləşdirəcəklər və Azərbaycanın gələcəkdə Qarabağda istədiyinə tam nail olmaq üçün mane törədəcəklər. Bu, Rusiya işğalçı ordusuna, o cümlədən Ermənistanın siyasi dairələrinə müəyyən kozır verə bilər.
Buna baxmayaraq, partiyamızın Şuşa, Tərtər, Goranboy rayon təşkilatının üzvləri orda sadə vətəndaş kimi iştirak edir. Hazırda bu istiqamətdə müxalif partiyaların sədrləri arasında danışıqlar gedir. Bir neçə gün gözləmək lazımdır və bundan sonra bizim də orda iştirakımız təmin olunarsa, məmnuniyyətlə qatılacağıq”.
H.Hacıyev qeyd edib ki, aksiyalar davam etməlidir:
“Rusiyanı əsas məqsədi odur ki, Azərbaycanın iradəsini özlərinə tabe etdirsin, Ermənistanı diz çökdürərək yalvartdırsın ki, “biz olmasaq, azərbaycanlılar sizin başınıza bu oyunu aça bilər”. Bunu da çox ustalıqla yerinə yetirirlər. Sülhməramlıların ordakı generalı hər gün Moskvadan ora göndərilən agent milyarder vasitəsilə içirdilir, ayılmır, görünür nə isə düşünürlər.
Amma biz sayıqlığımızı əldən verməməliyik. Hər hansı təxribat baş versə, ona hazır olmalıyıq. Torpaq bizimdir, heç kimin ixtiyarı yoxdur ki, öz ərazimizdə bizə göstəriş versin. Hər halda hər şey nəzarətdədir. Düşünürəm ki, bu, düzgün yoldur. Lazımi anda bunu Xankəndində də keçirməliyik və erməni vətəndaşlarımızı terroristlərin əlindən almalıyıq. Vəziyyət hələlik xoşagələn deyil, çünki Cənab Prezidentlə Putinin danışığından iki-üç gün keçməsinə baxmayaraq, Rusiyanın siyasi dairələri hələlik lazımi qəti qərar verməyiblər və vermək də istəmirlər”.
Gülnar Səlimova
Globalinfo.az














