“Sülhlə bağlı etibarlı planımız var” – Trampın adamından kritik mesaj

"Sülhlə bağlı etibarlı planımız var" - Trampın adamından kritik mesaj

“Yaxın 100 gündə Rusiya-Ukrayna müharibəsində inkişafa ümid edirik”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

“Demək istəyirəm ki, söhbət illərdən yox, aylardan gedir. Mən istəyirəm ki, nəyəsə qısamüddətli perspektivdə çatacağımıza inanım. Qısamüddətli deyəndə nəyi nəzərdə tuturam? Artıq 100 gündən sonra harada olduğumuzu bilmək istəyirik. Ya atəşkəs, ya da dayanıqlı sülh əldə edəcəyik. Lakin bu razılıq Əfqanıstanda gördüklərimizə oxşamamalıdır. Orada proses dörd il uzandı. Bu hər iki tərəf üçün qısamüddətli həll olmalıdır. Əgər o, ABŞ üçün sərfəli olsa, bütün dünya üçün sərfəli olacaq” – deyə Kit Kelloq bildirib.

O, ABŞ prezidentinin sülhlə bağlı etibarlı planının olduğunu söyləyib.

Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən dərhal sonra Ukrayna müharibəsini bitirəcəyini demişdi. Bununla belə Ukrayna ilə bağlı Tramp Rusiya lideri ilə hələ danışa bilməyib. Rəsmi Kiyev isə Trampa güvəndiyini, amma özünün iştirakı olmadan heç bir danışığı qəbul etməyəcəyini açıqlayıb.

ABŞ 2001-ci ildə daxil olduğu Əfqanıstandan Baydenin hakimiyyətinin ilk dönəmlərində çıxdı. Bu, Talibanla əldə olunan razılıq əsasında mümkün oldu. Lakin ABŞ-ın Talibanla razılıq əldə etməsi onunla əməkdaşlıq edən minlərlə əfqanı təhlükə altında qoydu. Üstəlik, ABŞ-ın Əfqanıstanı tərk etməsi dramatik səhnələrlə yadda qaldı. O zaman Tramp Vaşinqtonun bu addımını qorxaqlıq və biabırçılıq adlandırmışdı.

Əliyar Xəlil
Globalinfo.az