ankara irevan 900x543 2

Xəbər verdiyimiz kimi Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə işgüzar səfər edib.

Mövzu ilə bağlı Clash Report analitiki Dr. Doğacan Başaran Globalinfo.az-a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri münaqişələrlə tanınan bölgədə sülh və sabitlik axtarışlarının gücləndirilməsi baxımından önəmli hadisədir.

Onun sözlərinə görə, bu səfər Qarabağ qələbəsindən sonra ikitərəfli danışıqlar baxımından Ermənistandan Türkiyəyə ən yüksək səviyyəli səfərdir:

“Paşinyan daha əvvəl prezident Ərdoğanın andiçmə mərasimində iştirak etsə də, həmin səfər zamanı ikitərəfli danışıqlar aparılmayıb və simvolik təmaslar həyata keçirilib. Bu dəfə birbaşa olaraq ikitərəfli münasibətlər və regional hadisələr müzakirə olunacaq.

Bu mənada TürkiyəErmənistan normallaşma prosesinin liderlər arasında müzakirə ediləcəyini proqnozlaşdırmaq olar. Tərəflər artıq nümayəndələr səviyyəsində danışıqlarda müəyyən irəliləyiş əldə etmişdilər”.

IMG 20250620 WA0088

Doğacan Başaran

D. Başaran qeyd edib ki, digər tərəfdən TürkiyəAzərbaycan Şuşa bəyannaməsi ilə ortaq tale müəyyənləşdirib:

“Ona görə də Paşinyanın səfərini İrəvanla Bakı arasında daimi sülh sazişinin imzalanması baxımından kritik mərhələnin aşıldığı və müqavilənin qısa müddətdə imzalana biləcəyi kimi şərh etmək olar. Müqavilə isə Ermənistanda müəyyən dəyişiklikləri, o cümlədən konstitusiya dəyişikliyini zəruri edir. Paşinyanın bu səfərlə həm də öz yerli ictimaiyyətinə mesaj verdiyini demək olar”.

Ekspert həmçinin əlavə edib ki, regional əməkdaşlıq layihələrinin, xüsusilə Zəngəzur dəhlizinin müzakirə ediləcəyini və Türkiyə ilə Ermənistan arasında normallaşmanın İrəvanın Qərbə açılması baxımından da simvolik məna daşıdığını deyə bilərik.

 

Qlobal Jurnalistlər Şurasının Siyasi Məsələlər Şurasının sədri Deniz Büstani isə bildirib ki, Qarabağ işğal altında olarkən Türkiyə və Azərbaycana qarşı həyasız bəyanatlar verən, erməni diasporunun təsiri altında olan bir Paşinyan var idi. Azərbaycan və Türkiyənin əməkdaşlığı ilə həyata keçirilən diplomatik təmaslardan və atılan strateji addımlardan sonra Qarabağın azad edilməsi üçün şərait yaradıldı və Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etdi:

“Paşinyanın bu yaxınlarda Qurban bayramı münasibətilə Azərbaycan və Türkiyəni təbrik etməsi artıq onun Türkiyə və Azərbaycanla sülh arzusunu nümayiş etdirdi. Bu gün hesab edirəm ki, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı mənfi fəaliyyətlərini dayandırması müqabilində sülh danışıqlarının ilk addımının atılması istəniləcək.

Onsuz da Paşinyanın başqa seçimi yoxdur. Erməni diasporunun “kəndiri ilə quyuya enə bilməyəcəyi”ni, türk millətini təhqir və ittiham etməklə heç nə əldə etməyəcəyini anladı. O, Qarabağın işğalında israrlı olması ilə həm Ermənistan daxilində, həm də dünyada rüsvay olmuşdu. Bu danışıqlar Azərbaycan və Türkiyənin, Mustafa Kamal Atatürkün dediyi kimi, “Yurdda sülh, cahanda sülh” fəlsəfəsi ilə hərəkət etməsinin, heç bir millətə düşmənçilik etməməsinin ən bariz nümunəsidir. Ümid edirəm ki, Paşinyan bu addımın əhəmiyyətini anlayır və hər hansısa mənfi addım atmağa cəhd etməz. Əks halda, “Nə oldu Paşinyan?” nəticəsi ilə üzləşəcəyini ümid edirəm ki, özü də bilir”.

IMG 20250620 WA0090

Deniz Büstani

Ekspert hesab edir ki, bu səfərin məqsədi üçtərəfli görüş (Azərbaycan, Ermənistan və Türkiyə, -red) üçün şərait yaratmaqdır:

“Bölgəmizdə gəriginlik mövcuddur. İraq, Suriyada qeyri-sabitlik, Rusiya-Ukrayna və İsrail-İran arasında müharibəsi var. Ermənistanın düşmən münasibəti yalnız Ermənistana və erməni xalqına ziyan vurur, heç kimə faydası yoxdur. Ermənistanın diaspora təfəkküründən və türk millətini təhqir etməkdən qurtulması Ermənistanın və ermənilərin həyat keyfiyyəti üçün də vacibdir. Hesab edirəm ki, Paşinyan və onun administrasiyası bu məntiqlə hərəkət edərsə, Azərbaycan-Türkiyə-Ermənistan danışıqları aparıla bilər”.

D.Büstani qeyd edib ki, Ermənistan öz suverenliyi çərçivəsində keyfiyyətli həyat yaşamaq istəyirsə, ilk növbədə heç bir tarixi əsası olmayan iddialarından əl çəkməlidir, erməni diasporunun qondarma “soyqırım”la bağlı yalanlarına aldanmamalıdır:

“Türklərlə bir yerdə yaşamış erməni xalqı da bilir ki, bu böhtandır və mənasız iddiaları davam etdirmək Ermənistana və ermənilərə ancaq ziyan vuracaq. Bu iddialardan əl çəkməyən, gözü türk torpağında olanlarla sülh mümkün deyil. Türk millətinin suveren hüquqlarına hörmət edən, onlara dostcasına yanaşan bir Ermənistan olarsa, sülhün bərqərar olması üçün heç bir maneə qalmaz”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: