ABŞ-ın şərq sahilindəki şəhərlər tədricən çökür.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın məşhur elmi jurnallarından birində dərc edilən məqalədə bu barədə qeyd olunub. Məqalədə ABŞ-ın Şərq sahilində yerləşən iri şəhər və qəsəbələrin ciddi təhlükə ilə üzləşdiyi barədə xəbərdarlıq edilib. Belə ki, peyk vasitəsi ilə çəkilən görüntülərdə yerin davamlı çökməsi əks olunub. Bu da gələcəkdə ciddi fəsadlara səbəb ola bilər.
“Virginia Tech” və “ABŞ Geoloji Tədqiqat Mərkəzi”nin tədqiqatçıları ölkənin Şərq sahilinin bəzi ərazilərinin ildə 5 millimetr batdığını müəyyən ediblər. Üstəlik, çökmənin həm də əhalinin məskunlaşdığı ərazilərdə və infrastruktur olan yerlərdə meydana gəldiyi aşkarlanıb.
Peyk görüntüləri onu göstərir ki, torpaq çökmələri binaların özülləri, yollar, qaz kəmərləri və su boruları üçün təhlükə yaradır. Texnogen iqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin yüksəlməsi ilə vəziyyət daha da kəskinləşə, daşqın riski arta bilər.
Nyu-York şəhəri, Lonq-Aylend, Baltimor, Virciniya və Norfolk ən çox zərər çəkmiş ərazilər arasındadır. Sürətli çöküş şəhər və qəsəbələrrə infrastruktur üçün potensial təhlükələr yaradır.
Aparılan araşdırmalara əsasən Nyu-Yorkun hava limanları və dəmiryol sistemləri kimi infrastrukturlar da gələcəkdə çökmələrin sürətlənməsindən əziyyət çəkə bilər.
Əliyar Xəlil
Globalinfo.az














