İrandakı zəlzələ Naxçıvanda 5-3 bala qədər hiss olundu – YENİLƏNDİ (2)

Fövqəladə Hallar Nazirliyi İranda qeydə alınan və Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 28.01.2023-cü il tarixində saat 22:14-də Naxçıvan seysmik stansiyasından 108 km cənub-qərbdə, İran İslam Respublikasının Xoy şəhərində 10km dərinlikdə 6,2 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 5-3 bala qədər hiss olunub.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

***22:54

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Globalinfo.az-a verilən xəbərə görə, maqnitudası 6,2 olan zəlzələnin dərinliyi 10 km olub. Zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.

***22:35

Naxçıvanda baş verən zəlzələ hər hansı dağıntı və tələfat törətməyib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***22:22

Naxçıvanda güclü zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib.

Yeraltı təkanlar təxminən 10-15 saniyə davam edib.

Məlumata görə, yeraltı təkanların episentri 5-6 bal gücündə olub.