Sevgilisinin qızını qaçıran oğlanla mübahisə etdi, adam bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi törətmiş “Şirek” ləqəbli şəxs barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yanvarın 18-də başa çatıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Gəncədə avtobus sürücüsü kimi tanınan “Şirek” ləqəbli 1984-cü il təvəllüdlü Tural Qurbanova 4 il həbs cəzası verilib. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızının qoşulub qaçdığı şəxsi bıçaqlayan Tural Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Tural Qurbanovun Gənncədə qeyri-rəsmi nikahda yaşadığı qadının qızı sevgilisinə qoşularaq Samuxa qaçıb. Qızın anası Turala Samuxa gedib qızını gətirməyi təklif edib və onlar taksi ilə Samuxa gediblər və qızı Gəncəyə gətiriblər. Bu ərəfədə qızın sevgilisi İsmayıl Turala zəng edərək görüşmək istədiyini bildirib və onların arasında telefonda söyüşlü mübahisə baş verib. Bundan sonra İsmayıl Turalı axtarmağa başlayıb və bu məqsədlə Gəncədə “Şestoy” Tural ləqəbli dostuna müraciət edib. Onlar “Şirek” ləqəbli Tural Qurbanovu tapıblar və görüş təyin ediblər. Görüşə gedəndə “Şirek” qarşı tərəfdən bir neçə nəfərin bıçaqla onun üzərinə gəldiyini görüb və dava-dalaş düşüb. Bu zaman İsmayılla birgə gələn “Şestoy” Tural bıçaq xəsarətləri alıb.

Məhkəmədə Tural Qurbanov “Şestoy” ləqəbli şəxsi onun vurmadığını deyib. O, bildirib ki, həmin şəxsi İsmayılla birgə gələn şəxslərdən biri qarışıqlıq zamanı bıçaqlayıb.

Malik
Globalinfo.az