Sevgilisini ondan ayıran qadının evini daşa basdı

Gəncədə maraqlı hadisə baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 20-də şəhər ərazisində yerləşən “Gülər” marketin arxasındakı məhəllədə yaşanıb.

Gəncədə məskunlaşan Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü S.Səmədov (şərti soyadlı) sərxoş halda həmin əraziyə gələrək keçmiş sevgilisi olmuş qadının qonşusunun evinə daş atıb. O, küçədə səs-küy salaraq söyüş söyüb və ictimai asayişi pozub. Polis əməkdaşları tərəfindən saxlanılan şəxs barəsində protokol tərtib edilib və Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmədə S.Səmədov bildirib ki, həmin evin sahibi olan qadın onu sevgilisindən ayırıb və buna görə həmin qadınla ədavəti var. O, hadisəni törədərkən sərxoş olduğunu qeyd edib.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 48 yaşlı kişiyə 10 sutka həbs cəzası verilib.

Zaira Akifqızı
Globalinfo.az