Səlim Müslümovun cinayət işi – Dövlətə nə qədər ödəyib?

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda Səlim Müslümovun vəkilləri vəsatət qaldırıblar.

Vəkillər cinayət işində ayrıca araşdırılan israfetmə epizodu üzrə dəymiş ziyanın ödənişi ilə bağlı hazırkı vəziyyəti öyrənmək üçün istintaq orqanına sorğu verilməsini xahiş ediblər.

Hakim deyib ki, cinayət işində adı keçən şirkət rəhbərləri və digər vəzifəli şəxslər tərəfindən mənimsənilən pulların nə qədərinin ödənilməsi ilə bağlı məsələ dəqiqləşməlidir. Qeyd edib ki, hazırda cinayət işi ilə bağlı ayrıca araşdırılan israfetmə epizodu üzrə məsuliyyətə cəlb edilənlərin dairəsi müəyyənləşdirilir.

Vəsatət təmin olunub.

İş üzrə növbəti proses aprelin 17-nə təyin edilib.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.