Sələf Şuşaya getmədi, xələf də imtina edəcək? – Açıqlama

Son vaxtlar Azərbaycan-ABŞ münasibətlərində gərginlik müşahidə edilir. Paralel olaraq Birləşmiş Ştatların ölkəmizə yeni təyin edilmiş səfiri Mark Libbinin fəaliyyəti də maraq doğurur. Məlum olduğu kimi, daha əvvəl ABŞ və Fransa səfirləri Azərbaycan hökumətinin diplomatik korpusla birgə Şuşa şəhərinə dəvətindən imtina etmişdilər.

Bəs yeni səfirin Şuşaya və ya işğaldan azad edilmiş digər rayonlara səfəri gözləniləndir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib ki, ABŞ-ın yeni səfiri fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək:

Sədrəddin Soltan

“Çünki bu ərazilərin çoxu Ermənistanla sərhədboyu yerləşmir. Hazırda ərazilərimizdə başqa bir “dövlət” yoxdur. Bütün bölgələrimiz konstitusiya ilə qorunur. Ərazilərdə minalanmış bölgələr istisna olmaqla, təhlükəsizlik təmin edilir.

Sərhədlərin delimitasiya və demarkasiyasını, sülh sazişinin imzalanmamasını bəhanə edərək ABŞ səfirinin ərazilərimizə səfər etməməsi yersiz sayılar.

Yeni səfirin Şuşaya, Xankədiyə və digər ərazilərimizə səfər etməsi gözləniləndir. Bu, ABŞ-Azərbaycan münasibətlərinin normallaşmasına müsbət təsir edəcək”.

Safura Bənnayeva
Globalinfo.az