Seçkinin ikinci tura qalmasının inanılmaz səbəbi – Pezeşkianla bağlı vacib xəbər

“İranda indiyədək keçirilən bütün prezident seçkiləri xarici güc mərkəzləri ilə sövdələşmə predmeti olub. Vaxtilə İran İslam Respublikası qurulduğu sıralarda “Nə Şərq, nə Qərb” şüarını əldə rəhbər tutan İran zaman-zaman bu strategiyasını dəyişdirmək məcburiyyətində qalıb”.

Bu sözlər Globalinfo.az-a siyasi şərhçi Heydər Oğuz İranda prezident seçkilərinin ikinci tura qalması haqda danışarkən deyib.

Onun fikrincə, Qərbin ağır sanksiyalarından yayınmaq üçün adətən Çinə yönələn İran, strateji şüarını dəyişib “Şərqə baxış” layihəsini ortaya atıb. Çindən istədiyi dəstəyi görmədikdə isə yenidən ya ənənəvi siyasətini, ya da “Qərbə baxış” adlandırdığı xətti seçib. İranda keçirilən son seçkilərə də məhz bu aspektdən yanaşmaq lazımdır:

“İran sonuncu strategiya dəyişikliyinə 2018-ci ildə Trampın İranla bağlanan “P5+1” (nüvə sazişi) müqaviləsini ləğv etdikdən sonra keçib. Bilirsiniz ki, həmin dövrdə Ruhani hakimiyyətdə idi. İlk dəfə 2013-cü ildə dini lider Xamneinin xeyir-duası ilə hakimiyyətə gətirilən Həsən Ruhaninin prezidentliyi dövründə Qərbə üz tutan İran özünün ən rahat dövrünə qədəm qoyub. 2015-ci ildə İranla “P5+1” (BMT TŞ və Almaniya) ölkələrinin bağladığı müqavilə bu ölkənin Qərbə açılışı kimi qəbul olunmuşdu. Həmin vaxt Avropanın bir sıra ölkələrindən iş adamlarının İrana axını başladı. Amma bu xoşbəxt anlar uzun sürməmişdi. 2017-ci ildə ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə İranla super dövlət arasında yenidən gərginlik başlamışdı. 2018-ci ildə Trampın “P5+1” sazişindən çəkilməsi ilə İranla ABŞ arasında münasibətlər özünün ən çətin dövrünə keçmişdi. İran məhz bu sazişdən sonra yenidən “Şərqə baxış” strategiyasına sarılıb, Rusiya və Çinlə əlaqələrini yaxşılaşdırmışdı. Nəticədə 2021-ci ildə İranda hakimiyyətə mühafizəkar qanadın nümayəndəsi İbrahim Rəisi gətirilmişdi”.

Məsud Pezeşkian və Səid Cəlili

Siyasi şərhçi deyib ki, İbrahim Rəisinin ölümündən sonra keçirilən son prezident seçkiləri İranın ən həssas dövrünə təsadüf edir:

“İsraillə münasibətləri tamamən korlanan İrana Rusiyadan da bir haray yoxdur. Çinin başı isə özünə qarışıb və Pekin başqasına görə özünü fəda etmək, ABŞ-la kəllə-kəlləyə gəlmək istəmir. Üstəlik, ABŞ-da hakimiyyətə yenidən Trampın gəlməsi gözlənilir. İsrailin indiki hökuməti ilə yaxınlığı şübhə doğurmayan Trampın İranla gərgin münasibətləri sürən İsraili ən çətin qərarında müdafiə edəcəyi bəllidir. İsrail isə açıq-aşkar İranla savaşa hazırlaşır. Təbii ki, bu çətin vəziyyətdə ABŞ-la münaqişədən yayınmaq istəyən İran yenidən ümid verən siyasətlərə yönəlməlidir. Bunun üçün isə hakimiyyətin islahatçılara verilə biləcəyinə eyham vuran siyasətlər həyata keçirilməlidir. Məhz bu səbəbdən də son növbədənkənar prezident seçkilərinə islahatçı qanada yaxınlığı ilə ad çıxarmış, əslən azərbaycanlı namizəd Məsud Pezeşkian favorit namizəd kimi ortaya çıxarılıb. Bununla da sanki “mənimlə dil tapsanız, birgə fəaliyyətə keçə bilərik” mesajı verilir. ABŞ-dan bu mesaja müsbət cavab gələrsə, İranın növbəti prezidenti Pezeşkian ola bilər. Yox, əgər yenidən rədd cavabı alarsa, Səid Cəlilinin önü açılacaq. Bu səbəbdən də seçkilər ikinci tura saxlanıldı. Məqsəd ABŞ-la sövdələşmək imkanı qazanmaqdır”.

Heydər Oğuzun sözlərinə görə, Azərbaycan əsilli namizədin ön plana çıxarılmasının digər səbəbi də var:

“Məqsəd Türk dünyası ilə inteqrasiya prosesini başlatmaq və bu fürsətdən faydalanaraq regional dostluq əlaqələrini möhkəmlətməkdir. İranın bu istəyinə nail olub-olmayacağı gələn həftə keçiriləcək ikinci turda ortaya çıxacaq”.

Zaira Akifqızı
Globalinfo.az