Son günlər Bakıya yağan güclü yağış nəticəsində Sabunçu tunelinin su altında qalması ciddi müzakirələrə səbəb olub. Yağışdan sonra paytaxt ərazisində bir çox evlərə də ziyan dəyib. Aidiyyəti qurumlar məsələ ilə bağlı müzakirə aparılacağını və lazımı tədbirlərin görüləcəyini açıqlayıblar. Buna baxmayaraq yağışın yaratdığı fəsadlar, xüsusilə də Sabunçu tunelində iki nəfərin batması ictimaiyyətdə tənqidləri gücləndirib.
Bu vəziyyətdə Milli Məclis Bakıdakı sel-su fəlakətinə görə xüsusi iclas keçirə və bu məsələdə məsuliyyəti olan qurumların rəhbərlərini parlamentə çağıra bilərmi?
Ümumiyyətlə, Sabunçu rayonunun deputatları aidiyyəti təşkilatlara, məmurlara sorğu ünvanlayıb, seçicilərlə görüşüblərmi?
Sabunçu rayonundan deputat olan Fazil Mustafa Globalinfo.az-a deyib ki, sel-sularının yaratdığı fəsadlar və leysan nəticəsində şəhər təsərrüfatının vəziyyəti ilə bağlı mətbuatda müntəzəm çıxışlar edirlər.
O, məsələni Milli Məclisdə də müəyyən dərəcədə gündəmə gətirməyə çalışdıqlarını qeyd edib:
“Amma mövcud məsələ ilə bağlı MM-də xüsusi bir müraciətin olunması nəzərdə tutulmur. Çünki məsələlərin gündəliyə salınması ancaq müəyyən MM çoxluğunun qərarı ilə ola bilir. Ona görə də konkret olaraq belə bir məsələyə görə ayrıca iclasın çağırılması nəzərdə tutulmayıb. Adətən iclaslar ölkənin təhlükəsizliyi, hansısa bir müharibə vəziyyəti və ya başqa fövqəladə vəziyyətlə bağlı çağırılır. Bu məsələ sırf müəyyən təsərrüfat fəaliyyətinin natamamlığı ilə bağlıdır. Bəzi problemlər də oradan qaynaqlanır. Bizim tərəfimizdən də bu istiqamətdə xeyli təkliflər irəli sürülüb”.
Fazil Mustafa
Deputatın fikrincə, burada birinci növbədə əsas səbəb bələdiyyə institutunun fəaliyyətsizliyi və səlahiyyətlərin olmamasıdır:
“Çünki ortada konkret məsuliyyət daşıyan hansısa bir qurum yoxdur. Hamı bu işi bir-birinin üzərinə atır. Ona görə də vəziyyətdən çıxış yolu tapmaq çətinləşir. Bütövlükdə bu məsələ insanları sıxıntıya saldığı üçün, ölüm hadisəsi baş verdiyinə görə ciddi təhlil olunmalı və nəticələr çıxarılmalıdır. Həm də tunellərin salınması, onların təhvil verilməsi, drenajlarının və ya su tutumlarının dəqiq yoxlanılması və bu cür hadisələr zamanı fəlakətin qarşısının alınması istiqamətində qurumların məsuliyyəti məsələsi mütləq olmalıdır. Hər halda, biz də buna nail olmağa çalışırıq”.
F.Mustafa seçicilərlə görüş məsələsinə də toxunub:
“Həftədə bir dəfə seçicilərlə görüşür, onları qəbul edirik. 50 min seçicidən hansının ziyan gördüyünü müəyyən edə bilmərik. Konkret olaraq kiminsə hansısa bir problemi varsa, qəbula gəlir və orda fikirlərini, problemlərini deyir. O zaman bilirik ki, belə bir şey baş verib. Amma Bakıxanov qəsəbəsində həmən gün də, ondan sonra da olmuşam və orada hər hansı bir şəkildə xüsusi problemin yarandığını görməmişəm. Yəni Sabunçu rayonu böyük bir rayondur. Ən azından müəyyən şikayətlər olardısa, hansısa addımlar ata bilərdim”.
Zaira Akifqızı
Globalinfo.az














