
Bir müddətdir ki, sabiq nəqliyyat naziri Ziya Məmmədov və oğlu, iş adamı Anar Məmmədov haqda araşdırma yazılar dərc edilir. Bu dəfə ata-oğul Məmmədovlar beynəlxalq medianın hədəfinə gəlib.
Azadlıq Radiosunun növbəti araşdırmasında Anar Məmmədovun qaranlıq biznes fəaliyyətindən, Ziya Məmmədovun korrupsiya əməllərindən söz açılır. Azadlıq-ın araşdırmasında Ziya Məmmədovun İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH-red.) şübhəli əlaqələri haqda da iddia əksini tapıb. Bildirilir ki, Z.Məmmədov nazir olarkən SEPAH-a yaxın iranlı iş adamları Nəqliyyat Nazirliyini elan etdiyi tenderlərin qalibi olub.
Xatırladaq ki, Azadlıq Radiosunun Məmmədovlar haqda araşdırması ötən həftə yayılmışdı. Həmin araşdırmada da Anar Məmmədovla bağlı şok məlumatlar var.
Globalinfo.az yada salır ki, Ziya Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri vəzifəsində çalışıb. Onun işdən azad edilməsi ilgincliyi ilə tarixə düşüb.
Ziya Məmmədov və Anar Məmmədov
Z.Məmmədov işdən çıxarılmadan rəhbərlik etdiyi nazirlik ləğv edilmişdi. Prezident İlham Əliyev 2017-ci il 13 fevral tarixində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqda sərəncam imzalamışdı. Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdi. Həmin vaxt mediada belə müzakirə aparılırdı ki, Ziya Məmmədovun bu şəkildə idarəçilikdən uzaqlaşdırılması onun hansısa ciddi səhvə yol verməsi ilə bağlıdır.
ABŞ Konqresindən maliyyələşən və bu ölkənin xaricdə yayımlanan əsas media strukturlarından olan Azadlıq Radiosunda Z.Məmmədovun İranla şübhəli əlaqəsinin olmasına dair iddianın ortaya çıxması, Anar Məmmədovun qeyri-şəffaf biznes fəaliyyəti barədə məxfi məlumatların beynəlxalq miqyasda ictimailəşdirilməsi ciddi mətləblərdən xəbər verir.
Xüsusi qeyd: Maxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun “vurulmasının” əsas səbəbi kimi onun İranla gizli əlaqələr qurması göstərilir. İddia olunur ki, sabiq Məclis sədri SEPAH generalları ilə yaxın münasibətlər yaradıb. İran generallarının vaxtaşırı Naxçıvana gəlməsi haqda da iddialar mövcuddur. Bütün bunlar isə mərkəzi hökumətin iradəsindən kənar baş verib. 2022-ci ilin noyabr ayında Naxçıvanda DTX-nin əməliyyata başlamasından az sonra bu yöndə xəbərlər yayılmağa başladı. Vasif Talıbov da Ziya Məmmədov kimi hörmətsiz və biabırçı şəkildə vəzifədən uzaqlaşdırıldı. Görünür, V.Talıbovun karyerasının bu şəkildə bitirilməsində də İran amili rol oynayıb. Ciddi səbəb olmasa, bağışlanmaz səhvlər etməsəydi, bu qədər xidmətin müqabilində onu belə yola salmazdılar…
Azadlıq Radiosunun sözügedən araşdırma ilə bağlı videosunu təqdim edirik:














