Ruslar Qarabağdan çıxan gün… ABŞ Zəngəzur dəhlizini “açdı” – SENSASİON

Yazı ilk dəfə 13 iyun 2024-cü ildə yayımlanıb

Rusiya sülhməramlı kontingentinin sonuncu qalığı iyunun 12-də Xocalını tərk etdi. Çox təsirli və ibrətamiz tarix yaşayırıq. Qürurverici, şərəfli günlərdir. Vətənin canından məğlubiyyətin acısı, uğursuzluğun yorğunluğu çıxır. 

1992-ci ilin 26 fevralında Rusiyanın 366-cı alayının yaxından iştirakı, dəstəyi ilə Azərbaycanın hərbi və psixoloji məğlubiyyətinin əsası qoyuldu. Xocalı soyqırımı törədildi. Fevralın 25-dən 26-na keçən gecə xocalıları ermənilərlə birlikdə rus hərbçilər də qırmışdı. Bu polk Qarabağdakı erməni quldurlarını silah-sursatla təmin edirdi.

Yeltsen Rusiyası Azərbaycanı çökdürmək üçün qanlı planı həyata keçirdi. Onun bu planında Serj Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan, Zori Balayan, Bako Saakyan, Arkadiy Tadevosyan, Yuri Xaçaturyan, Vitali Balasanyan, Samvel Babayan və s. iştirak ediblər. Onlardan bəziləri hazırda Bakıda istitintaq altındadır.

Məqsəd Azərbaycanın gözünü qorxutmaq, yerli türk əhalinin Qarabağı tərk etməsinə nail olmaq idi. Bu, yalnız ərazi uğrunda işğalçı siyasət deyildi, həm də ölkəmizə qarşı dini və milli savaş idi. O vaxtlar bunu nə ruslar gizlədirdi, nə ermənilər. Ona görə soyumuzu kəsmək, gözümüzü qorxutmaq üçün ən ağır hərbi cinayətə imza atdılar.

Sonralar Serj Sarkisyan bu haqda etirafda bulunmuşdu. 2000-ci ildə hələ müdafiə naziri işlədiyi vaxtlarda tanınmış britaniyalı jurnalist, hazırda Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondunun yüksək rütbəli əməkdaşı Tomas de Vaala demişdi ki, ermənilər Xocalıda qadınları, uşaqları, yaşlıları ona görə amansızlıqla öldürüblər ki, azərbaycanlılar bu işin zarafat olmadığını anlasınlar. Bizim ölkə, xalq olaraq bütün növ məğlubiyyətimizin, çöküşümüzün əsası Xocalıda qoyuldu. Müharibəni 26 fevral gecəsi uduzduq. Qarabağı o məşum gecədə itirdik.

İndi isə ruslar Azərbaycanı məhz Xocalıdan tərk etdilər. Vladimir Putin Rusiyanın 300 illik Qafqaz mərhələsini qapatmış kimi görünür. Rus hərbçilərinin çəkmələri bir daha Azərbaycan torpaqlarına dəyməyəcək? Bu, sonuncu gedişdir? İnşallah ki, belədir.

Dünən – iyunun 12-də Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırıldı. 32 il öncə Xocalıda endirilmiş o bayraq təkrar haqq etdiyi yerdə dalğalanmağa başladı. Bir kərə yüksələn bayraq, bir daha enməsin! Enməyəcək!

Azərbaycan daha böyük, daha ciddi mərhələyə qədəm qoyur. Sevmədiyimiz “qonaqları” yola saldıq, indi gələcəyə daha inamla, təhlükəsiz baxmalıyıq. 

Görünən budur ki, Ermənistanla təkətək qalmışıq, üzə-üzə dayanmışıq. Bu dəfə savaşmaq üçün deyil, anlaşmaq üçün üz-üzəyik. Paşinyana qarşı olan basqılar onun Azərbaycanla sülh bağlamasını əngəlləmək üçündür. Buna ötən yazılarımızda toxunmuşuq. Fəqət bu elə bir prosesdir, qarşısını nə keşiş ala bilər, nə kilsə. Paşinyan real düşünür. Yaranmış tarixi fürsəti dəyərləndirib, problemi kökündən həll etməyə çalışır. Azərbaycanla, Türkiyə ilə barışıb, ölkəsini məhv olmaqdan xilas etmək yolu seçib. Hazırda sülhün imzalanmasına mane olan əsas amil Ermənistan konstitusiyasıdır. O sənəddə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Üstəlik Ermənistanın Türkiyəyə qarşı saxta soyqırımı iddiaları da var. Bütün bunlar aradan qaldırılmadan Azərbaycan sülh sazişinin imzalanacağını mümkün saymır. Bu haqda Prezident İlham Əliyev aydın və qəti şəkildə bildirib. Deyib ki, konstitusiyası dəyişməsə, Ermənistanla sülh mümkün olmayacaq.

Amma indi əsas hədəf həm də Zəngəzur dəhlizinin açılmasıdır. İrəvandan son vaxtlar bu mövzuda ilıq mesajlar səsləndirilir. Bu mesajlar bəzən dolaşıq olur, bəzən yanıltmaca bənzəyir. Düzdür, bu məsələdə Ermənistan öz maraqlarını əsas götürür. Düşdüyü əlverişsiz durum da az rol oynamır. Ermənistanı dəhlizi gündəmə gətirməkyə vadar edən əsas məsələ Gürcüstan marşrutunda yaranan problemlərdir. Ermənilər dəhlizin açılmasına nail olmaqla Azərbaycandan neftin, Türkiyədən taxılın daşınmasına zəmin yaratmaq istəyirlər. Olsun. Təki hər zaman türkə möhtac qalsınlar.

Paşinyanın indi durumu ona geniş manevr imkanı vermir. İndiki situasiyada desə ki, konstitusiyanı dəyişmək üçün referendum keçirmək qərarına gəlib, Zəngəzur dəhlizinin açılmasını bu şərtlərlə qəbul edir, ortalıq qarışa bilər. Necə deyərlər, o, xalqını alışdıra-alışdıra bu mərhələyə gətirib. Ardı var. Keşiş Baqratın missiyası başa çatsın, daha ciddi hadisələrin şahidi olacağıq.

ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Ermənistana səfəri ötən həftənin sonundan başlayaraq müzakirə olunurdu. Cənab Obrayen İrəvanda Ermənistan rəsmiləri ilə görüşlərdən sonra Azadlıq Radiosuna müsahibə verib. Onun bu müsahibəsi Orta Asiyadan Qafqazlara, Yaxın Şərqdən Avropaya böyük bir yol xəritəsinin təqdimatı hesab oluna bilər.

Ceyms Obrayenin açıqlaması saytımızda dərc olunub. Onun bir neçə açar fikrini bir daha yazaq: 

“İrəvan və Bakı yeni tələblər irəli sürmək praktikasına son qoymalıdır. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə razılığa gəlməyin vaxtıdır. Niyə indi vaxtdır? Orta Asiyadan Aralıq dənizinə ticarət yolu qurmaq üçün indi fürsət yaranıb – bu fürsət nəsildə bir dəfə ələ düşür. Bu, o zaman baş verə bilər ki, Ermənistanla Azərbaycan arasında sülh olsun. Və bu, təkcə əsas ticarəti deyil, həm də yol boyu yeni istehsalı açacaq”.

Ceyms Obrayen daha sonra deyib: 

“Bu, indi baş verə bilər. Ola bilsin ki, bir neçə ildən sonra bu, o qədər də vacib olmayacaq – necə ki, bir neçə il əvvəl bu, mümkün deyildi. İndi əla vaxtdır, çünki bu yolda olan ölkələr Rusiyanın təsirini azaltmaq istəyirlər. Ermənistanın demokratik öhdəliyi, erməni xalqının 2018-ci ildən dəstəklədiyi islahatlar isə o deməkdir ki, Ermənistan bu qərarı verə biləcək məqamdadır”.

Rusiyanın Qarabağı tərk etdiyi gün belə bir açıqlamanın verilməsi olduqca simvolikdir, ibrətlikdir. Sonuncu rus hərbçisi Azərbaycandan çıxan gün, Xocalı aeroportunda bayrağımız təkrar dalğalanan tarixdə Amerika Zəngəzur dəhlizini açıq elan etdi.

Bu dəhliz Azərbaycan üzərindən qurulan yeni dünya düzəninin qapısıdır. Bunu həm də Azərbaycanın bəxt, şans və perspektiv qapısı saymaq olar.

Obrayen isə haqlıdır – gecikməz olmaz. ABŞ rəsmisi bu mövqeyi ilə məsuliyyəti tam mənası ilə Ermənistanın üzərinə qoyur. Amerikalılar diplomatik dildə Paşinyana “ağıllı ol” deyirlər.

ABŞ rəsmisinin bu bəyanatı, təklifi başqa əlamətdar vaxta təsadüf edir: Qərbin Azərbaycanla bağlı daha bir sensasion planı üzə çıxıb. “Bloomberg” agentliyinin yaydığı məlumata görə, Azərbaycan qazını Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə Avropaya nəql etmək müzakirə olunur. Fikir verin, dünya güclərinin – Çindən ABŞ-a kimi – bütün meqalayihələrində Azərbaycan mərkəzdə dayanır. Bütün planlar, balanslar ölkəmiz üzərindən qurulur. Qarabağın azad edilməsinin mahiyyəti budur.

Azər Ayxan
Globalinfo.az