Ruslar Naxçıvanla sərhəddəki strateji ərazidən səssizcə çıxdı – 2 ay əvvəl…

Ruslar Naxçıvanla sərhəddəki strateji ərazidən səssizcə çıxdı - 2 ay əvvəl…

2020-ci ildə müharibə başa çatdıqdan sonra Ermənistanın Naxçıvanla sərhəddə yerləşən Ararat vilayətinin Paruyr Sevak icmasında yerləşdirilən rus sərhədçiləri ərazini səssiz şəkildə tərk edib. 

Globalinfo.az xəbər verir ki, rus hərbçilərinin hələ İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanını tərk etmədən 2-3 ay öncə Paruyr Sevakdan çıxdığı məlum olub.

Onların ərazini tərketmə xəbərinin yeni yayılması isə diqqət çəkib. İcmanın rəhbəri Lüdviq Stepanyan rus hərbçilərinin getməsinə nəyin səbəb olduğunu bilmədiyini deyib:

“Təxminən 2-3 ay olar gediblər. Heç birimiz ərazidən niyə çıxdıqlarını bilmirik. Güman ki, Moskva ilə İrəvan arasında danışıq olub. Lakin icma sakinləri rusların bura gəlmələrinə fikir verməmişdilər, indi də getmələrinə diqqət etmirlər. Onların gəlişi insanlarda heç bir ab-hava yaratmadı. Sakit qarşılandı. Elə də çıxıb getdilər”.

Qeyd edək ki, Kərki kəndinə gedən yolda yerləşdiyi bildirilən Paruyr Sevak icmasından rus sərhədçilərin səssiz şəkildə çıxması Ermənistanda müzakirələrə səbəb olub.

Ayşən Mustafa
Globalinfo.az