Rusiyanı sarsıdan zəlzələnin gizlinləri: Süni şəkildə… – Nə baş verir?

Rusiyanı sarsıdan zəlzələnin gizlinləri: Süni şəkildə... – Nə baş verir?

Xəbər verdiyimiz kimi, Rusiyanın Kamçatka yarımadasında son onilliyin ən güclü zəlzələlərindən biri olub. Rəsmi məlumatlara görə, zəlzələnin maqnitudu 8,7 olaraq qeydə alınıb və ərazidəki bir çox yaşayış məntəqələrində ciddi hiss edilib. Təbii fəlakət yalnız regionda deyil, Yaponiya, Alyaska və Havay adalarında da sunami təhlükəsinə yol açıb. Artıq zəlzələnin süni yolla yaradıldığına dair şayiələr yayılır. Bəziləri bunun məqsədli şəkildə törədildiyini iddia edir.

Kamçatkada baş verən zəlzələ süni şəkildə törədilib? Rusiyanın bu ərazidə hansı resursları var?

Globalinfo.az-a danışan ekoloq, seysmoloq Ənvər Əliyev deyib ki, Kamçatka yarımadası Rusiyanın Uzaq Şərq regionunda yerləşir və Sakit Okeanın şərq sahilindədir:

“Bura həm vulkanik, həm də seysmik aktivliyin yüksək olduğu ərazidir və dünyanın ən riskli bölgələrindən biridir. Ərazidəki zəlzələ və vulkanik fəaliyyətlər həm əhalini, həm də bölgənin infrastrukturunu daimi təhlükə altında qoyur. Burada 150-dən çox vulkan var və təxminən 30-u hələ də fəaliyyətdədir. Onlardan biri olan Klyuçevskaya Sopka 5 min metr hündürlüyü ilə Avrasiya materikinin ən hündür vulkanı hesab olunur”.

Rusiyanı sarsıdan zəlzələnin gizlinləri: Süni şəkildə... – Nə baş verir?

Ənvər Əliyev

Ekoloq qeyd edib ki, Kamçatkada bir çox qiymətli və strateji əhəmiyyətə malik resurslar mövcuddur:

“Yarımada əsasən qızıl mədənləri, istehsalı ilə tanınır. Həmçinin gümüş yataqları ilə də zəngindir. Bundan başqa, bölgədə sənaye və əczaçılıq sahələrində istifadə olunan civə ehtiyatları mövcuddur. Yarımadada neft ehtiyatları da kəşf edilib, lakin hələlik geniş miqyasda istifadə olunmur. Bu resurslar gələcəkdə iqtisadiyyata böyük töhfə verə bilər. Kamçatka ərazisində təbii qaz ehtiyatları da var və bu, enerjinin təminatında əhəmiyyətli rol oynayır”.

Seysmoloq əlavə edib ki, ərazidə zəlzələlərin baş verməsi adi haldır:

“Çünki orada çox sayda yeraltı təkanlar qeydə alınır, yüksək seysmik aktivliyə sahib bir zonadır. Lakin zəlzələnin süni şəkildə yaradılması mümkünsüzdür”.

Ekoloq alim Telman Zeynalov da eyni fikirdədir:

Rusiyanı sarsıdan zəlzələnin gizlinləri: Süni şəkildə... – Nə baş verir?

Telman Zeynalov

“Zəlzələlər Yer qabığının altındakı tektonik plitələrin hərəkətləri nəticəsində meydana gəlir. Bu proseslər çox dərinliklərdə – təxminən 10-700 km arasında baş verir və onu yalnız atom nüvəsi ilə partlatmaq olar. Lakin dünyada heç bir yerdə belə partlayış həyata keçirilməyib. Süni zəlzələ yaratmaq iddiaları daha çox şayiələrə əsaslanır”.

Ləman İmran
Globalinfo.az