Rusiya Paşinyanın üstünə “xüsusi təyinatlıları” göndərdi: Moskvada verilən hökm

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistan baş naziri Nikol Paşinyanı açıq şəkildə təhdid etdikdən sonra tanınmış rusiyalı televiziya jurnalisti Vladimir Solovyov və erməni əsilli rusiyalı jurnalist, RT-nin baş redaktoru Marqarita Simonyan da Paşinyanı təhqir ediblər. Maraqlıdır, hər zaman Ermənistanı dəstəkləyən Kreml hansı səbəbdən onlardan üz çevirir?

Məsələ ilə bağlı Globalinfo.az-a fikir bildirən deputat Elman Nəsirov deyib ki, Paşinyan istefaya getməyəcəyini bildirib:

“Onun istefa tələbi kəskin şəkildə artıb. Hətta ailəsini qorumaq üçün şəhərdən kənara daha təhlükəsiz yerə göndərməsi haqda məlumat yayılıb. Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm lokal antiterror əməliyyatları Paşinyanın hakimiyyətini sarsıldıb.

Rusiyanın tanınmış simaları, hətta yüksək rütbəli dövlət məmurları səviyyəsində belə Paşinyana qarşı açıq təzyiqlərin olması diqqətdən yayınmır. Belə olan vəziyyətdə sual yaranır – Rusiya tərəfindən gələn təzyiqlərin kökündə nə dayanır? Kremlə yaxın olan siyasi dairələr vasitəsilə bildirilir ki, Paşinyan Ermənistanın Rusiyanın müttəfiqi olduğunu bildirsə də, mahiyyət etibarilə düşmən kimi çıxış edir”.

Elman Nəsirov

E.Nəsirov bildirib ki, Rusiyada son vaxtlar Paşinyana münasibətin kəskin dəyişməsinə səbəb olan əsas amil rəsmi İrəvanın ABŞ-la hərbi təlimlər keçirməsidr. Deputatın sözlərinə görə, Paşinyan Amerikan silahlı qüvvələrini Ermənistana gətirir:

“2022-ci ilin noyabr ayında Ermənistan KTMT-yə sədrlik edirdi və bu zaman təşkilatın iclasının yekun sənədinin imzalanmasına mane oldu. 2023-cü ilin yanvar ayında isə Paşinyan ölkəsində KTMT-in hərbi təlimlər keçirməsinə imkan vermədi. Düşünün, adam öz müttəfiqlərinin ölkəsində hərbi təlim keçirməsinə icazə vermir, amma Rusiyanın düşməni olan ABŞ-ın belə addım atması üçün “yaşıl işıq” yandırır. Təbii ki, bütün bu reallıqlar diqqətdən yayınmırdı.

Paşinyanın həyat yoldaşının Ukraynaya getməsi, Kiyevdə Zelenskiylə görüşməsi, humanitar yardım və s. kimi məsələlər heç şübhəsiz Rusiyanın səbr kasasını daşdıran son damlalar olub. Belə olan halda da Rusiyanın əsas təxribatçılarından olan Marqarita Simonyan və Solovyov açıq mətnlə Paşinyanı təhqir ediblər.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və keçmiş prezident Medvedevin Paşinyan əleyhinə mövqe ifadə etdiyi görüntülər bütün sosial şəbəkələrdə yayılıb. Bu da o deməkdir ki, Kreml Paşinyanın üzərindən xətt çəkib. Lakin hər şey Paşinyanın müqavimət potensialından asılı olacaq. O, bir çox hallarda insanları təəccübləndirə bilir.

2020-ci ildə biabırçı halda müharibəni uduzan Paşinyan, 2021-ci ilin iyun ayında parlament seçkiləri keçirib, qalib gəlmişdi. Amma o artıq növbəti məğlub statusundadır. Lakin yenə də hakimiyyətdə qala biləcəyini deyir. Gələcəkdə Ermənistanda çox qızğın proseslərinin baş verəcəyini etimal etmək mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az