Rusiya ordusunun ayağı Azərbaycandan kəsildi: Geridönüş mexanizmi qalırmı?

Aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılması ilə başlayan proses iyunun 12-də başa çatıb. Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Rusiya hərbçiləri Azərbaycandan birdəfəlik getdi? Geridönüş mexanizmi qalırmı? Nə zamansa bu, mümkün ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, Rusiya sülhməramlı kontingenti tam şəkildə ərazilərimizi tərk edib:

Arzu Nağıyev

“Onların Azərbaycanda qalma müddəti 2020-ci ildə imzalanmış üç tərəfli bəyannaməyə əsasən 2025-ci ilə qədər idi. Türkiyə və Rusiyanın monitorinq mərkəzi də ərazi bütövlüyümüzün tamamilə bərpa edilməsinin ardınca fəaliyyətini dayandırdı. Bu gün ərazilərimizdə hər hansı dövlətin hərbi kontingenti yoxdur və gələcəkdə də olmayacaq. Azərbaycanın bir sıra dövlətlərlə strateji tərəfdaşlıq haqqında imzaladığı müvafiq sənədlər var. Ona uyğun olaraq fəaliyyətimizi həyata keçiririk”.

Deputat xatırladır ki, Azərbaycan heç bir hərbi blokun üzvü deyil və hər hansı blokda təmsil olunmur:

“Rəsmi Bakı Qoşulmama Hərəkatına rəhbərlik etdiyi müddətdə mandata uyğun fəaliyyət göstərdi. 2025-ci ildə çıxmalı olan qoşunlar 2024-də ərazilərimizi tərk etdi. Bir daha aydın olur ki, hazırda münaqişəyə əsas olmadığından sülhməramlıların da ərazilərimizdə qalmasının mənası yoxdur. Azərbaycanın hərbi kontingenti öz ərazisini istənilən təhlükədən qorumağa qadirdir. Kiminsə yenidən geri qayıtması gözlənilmir”.

Safura Bənnayeva
Globalinfo.az