Rusiya-Azərbaycan münasibətləri pozula bilər – “Ermənistan addım-addım…”

Ukrayna Prezidenti Volodimir Zelenskinin martın 4-də Ermənistana səfəri planlaşdırılır. Onun münasibətlərinin daha yaxşı olduğu Azərbaycana deyil, Ermənistana səfər etməsi isə sual doğurur.

Rusiya-Ukrayna müharibəsi fonunda Zelenskinin Ermənistana səfərini rəsmi Moskva necə qarşılayacaq? Ukrayna liderinin Azərbaycana gəlməməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Ukraynaya səfəri çərçivəsində müəyyən sənədlər imzalanmışdı:

“Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan Kiyevə mümkün dəstəyini göstərib. Ukrayna prezidentinin Azərbaycana səfər etməsi əslində Rusiya ilə münasibətlərə ciddi problemlər yarada bilər. Zelenskinin Bakıya səfərinə ehtiyac da yoxdur.

Ermənistana səfərinin məqsədi isə Ukraynanı aktiv şəkildə dəstəkləyən koalisiyanı genişləndirməkdir. Rəsmi Bakı Kiyevə humanitar yardım göstəsə də, birmənalı şəkildə Ukraynanı dəstəkləyən dövlətlər sırasında yer almır, neytrallığını qorumağa çalışır. Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir”.

Siyasi şərhçinin fikrincə, Ermənistan addım-addım Rusiyadan uzaqlaşdığı üçün Kiyev onu öz aktiv dəstəkçiləri qrupuna daxil etmək istəyir:

“Bu səbəbdən Ermənistana səfər planlaşdırır. Rusiya buna çox ağır cavab verəcək. Bu Ermənistanın növbəti antirus addımıdır. Rusiya Ukrayna cəbhəsində müəyyən stabillik yarandıqdan sonra Ermənistanla daha ciddi şəkildə məşğul olacaq”.

Safura Bənnayeva
Globalinfo.az