
“Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib ki, Rusiya ordusunda silah-sursat çatışmazlığı var. Qeyd olunub ki, bu, daxildə xaosa səbəb ola və Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında gərginliyi artıra bilər. Həmçinin vurğulanıb ki, Rusiyanın siyasi liderləri döyüş meydanında uğur tələb etməkdə israrlı olsalar da, ölkənin logistika mütəxəssisləri faktiki olaraq ortada qalıblar”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi ekspert Kənan Novruzov deyib.
Onun sözlərinə görə, Britaniya kəşfiyyatının məlumatı, əslində, gözlənilən idi:
“Əlbəttə, Rusiya ordusunun silah-sursatı tədricən azalacaq. Ukraynadan fərqli olaraq Rusiyaya silah təminatını həyata keçirən cəmi iki dövlət var: Çin və İran. Onlar da Qərbin təzyiqlərindən ehtiyat edirlər.
Bundan başqa, Qərb ölkələri, o cümlədən ABŞ Ukraynaya silah təminatını davam etdirir. Doğrudur, Ukraynaya silah tədarükünün lazımi səviyyədə olması şübhəli və müzakirəli məsələdir. Amma istənilən halda rəsmi Moskva ilə Kiyevin hərbi resursları arasında ciddi fərq var. Rusiya dünyanın ikinci ən güclü ordusuna sahib olsa da, imkanları getdikcə tükənir.
Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatı arasında ziddiyyətin olması çoxdan məlum idi. Görünür, Rusiya bir çox istiqamətlərdə, o cümlədən Donetskdə “dalana dirəndikcə” bu ziddiyyət daha da dərinləşir, tərəflər bir-birilərini ittiham edirlər. Əlbəttə, silah çatışmazlığı bu gərginliyi artıracaq.
Ümumiyyətlə, Rusiya uğursuzluğa düçar olduqca ölkənin həm siyasi, həm də hərbi elitasında xaos yaranacaq, narazılıq güclənəcək. Sözügedən gərginlik artıq nəinki hərbi elita daxilində, həm də siyasi və hərbi elita arasında müşahidə olunur. Yəqin ki, bu ziddiyyət gələcəkdə dərinləşəcək. Uğursuzluğa düçar olan hərbçilər artıq başa düşürlər ki, onlar Prezident Vladimir Putinin ambisiyaları naminə döyüşürlər. Bu isə hərbçilərdə siyasi hakimiyyətə qarşı narazılığı artırır. Hərbi sistemdəki bəzi səlahiyyətli şəxslər tezliklə istefaya göndərilə bilər”.
Turan Rzayev
Globalinfo.az














